Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin Yunanıstan yığmasının sükanı arxasına keçmə məsələsi aktuallığını qoruyur.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Yunanıstan Futbol Federasiyası italiyalı mütəxəssisdə israrını davam etdirir.
Bildirilib ki, siyahıda bir çox məşqçinin adı olsa da, de Byazi variantı üstünlük təşkil edir. Onun Albaniya millisini AVRO-2016-ya daşıması və zəngin təcrübəyə malik olması yunanıstanlıları iştahalandırır: “Əvvəlki dönəmdə də de Byazi ilə əlaqə saxlanılıb və söhbət xoş təəssürat yaradıb”.
Yunanıstan yığmasına sürpriz namizəd isə Polşanın “Poqon” klubunun baş məşqçisi Kosta Runyak hesab edilir. Hətta federasiya rəsmilərinin Türkiyəyə yollanaraq komandası ilə orada təlim-məşq toplanışında olan avstriyalı mütəxəssislə görüşdüyü də vurğulanıb.
Yunanıstan Futbol Federasiyasının rəhbərliyi martda beynəlxalq oyunlar olacağını nəzərə alaraq, fevralın ortalarına qədər yeni baş məşqçini təyin etməyi planlaşdırır.
Qeyd edək ki, Canni de Byazinin AFFA ilə müqavilə müddəti oktyabra qədərdir.