Fernan Lopes: “Azərbaycan millisi haqda heç düşünməmişəm” - MÜSAHİBƏ
26.02.2020 - 14:59
Fernan Lopes: “Azərbaycan millisi haqda heç düşünməmişəm” - MÜSAHİBƏ

“Qəbələ”nin ispaniyalı futbolçusu Fernan Lopesin apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XVIII turunda evdə “Neftçi”yə uduzduz. Qırmızı vərəqə cəzalısı olduğunuzdan bu oyunu kənardan izləyirdiz. Görüşü necə şərh edərdiz?
- Ölkənin ən güclü komandalarından birinə qarşı yaxşı mübarizə apardıq. Oyuna rəqibin iki erkən qolu təsir etdi. Amma unutmayaq ki, rəqib də “Neftçi” idi.
 
- “Qəbələ” qış fasiləsindən sonra hər dörd oyunda məğlubiyyətə olub. Uğursuz seriyanı nə ilə əlaqələndirərdiz?
- Vacib anlarda həm müdafiədə səhvlər edirik. “Keşlə”, “Səbail” və “Sabah”la matçlarda daha yaxşı oynadığımızı düşünürəm. Uğurlu nəticə qazanmaq üçün doğru yöndə işləyirik.

- Martın 1-də “Zirə” ilə oynayacaqsınız. Rəqibiniz də son turlarda qələbəyə həsrətdir. Sizcə, onlarla görüşdə “qara zolaq”dan çıxmaq mümkün olacaq?
- Çempionatda bütün oyunlar çətindir. Hər iki komanda çətin durumdadır. Komanda olaraq “Zirə”ni məğlub etməyə hazırıq. Düşərgəmizdə yaxşı motivasiya var. “Zirə” ilə oyun uğurlu çıxışımızın başlanğıcı ola bilər.

- Komandanızın heyətində bir neçə dəyişiklik oldu. Qış fasiləsində sizə qoşulanlar “Qəbələ”yə kömək edə bilmir, yoxsa adaptasiya olunmaları üçün vaxta ehtiyacları var? 
- Yeni oyunçularımızın “Qəbələ”yə kömək edəcəyini düşünürəm. Hamısı yaxşı səviyyədə olan futbolçulardır. Adaptasiya müddəti hər kəsin özündən asılıdır. Biz bunun tezləşməsi üçün çalışacağıq. 

- Rəhbərlik uğursuzluqlardan sonra sizinlə söhbət edibmi?
- Klub prezidenti Fariz Nəcəfov bizimlə bir neçə dəfə danışıb. O, hər zaman komandaya inandığını bildirib. Nə kömək lazımdırsa, bunu etmək üçün hər zaman hazır olduğunu da deyib. 

- “Qəbələ”yə yayda gəlmisiz. Artıq müəyyən müddətdir ölkəmizdə çıxış etdiyinizi nəzərə alsaq, Azərbaycan futbolu barədə nə deyə bilərsiz? 
- Azərbaycan çempionatında oynamaq xoşuma gəlir. Premyer Liqada yaxşı meydanlar var, həmçinin güclü komandalar mübarizə aparır. Klubların hamısı yaxşı oynamağa çalışır, bu da gözəl mənzərədir. Təbii ki, inkişafa davam etmək üçün çempionatdakı komandaların sayının artırılması lazımdır. Çünki Premyer Liqada cəmi 8 klubun olması azdır. Məncə, Azərbaycan çempionatı yavaş-yavaş böyüyəcək və yaxın illərdə Avropada çox güclü liqalardan birinə çevriləcək.

- “Neftçi” və “Qarabağ” ölkənin böyük klubları hesab edilir. Gələcəkdə bu iki klubdan birində oynamaq istərdiz?
- Hazırda yalnız “Qəbələ”dəki çıxışım haqda düşünürəm. Komanda üçün ən yaxşısını edib, uğurlu mövsüm keçirməyimizi istəyirəm. Gələcəkdə nəyin necə ola biləcəyi haqda düşünmürəm. Diqqətimi hazırki ana yönəltmişəm və özümü “Qəbələ”də çox rahat hiss edirəm. 

- Yeri gəlmişkən, bu iki klub arasında çempionluq şansını şərh edə bilərsiz?
- Məncə, “Qarabağ” çempionatın ən yaxşı komandasıdır. Onlar hazırda Avropada oynamırlar. Buna görə də bütün fikirlərini liqaya yönəldiblər. “Qarabağ”ın bu mövsüm qızıl medal qazanması gözləniləndir. Amma futbolda nəyin necə olacağını öncədən deyə bilməzsən.

- Paraqvaylı futbolçu Sezar Meza Kolli Azərbaycan millisində oynaya bilər. Sizin necə, bu cür planınız varmı? 5 il ölkəmizdə oynayıb, sonra əsas komandamızda çıxış etmək arzusuna düşməyiniz mümkündür? 
- Bu barədə xəbərdaram. Əgər Sezar uzun müddətdir Azərbaycanda oynayırsa, əslində onun milliləşdirilməsi pis ideya deyil. Üstəlik, Sezarın özü də Azərbaycan millisində oynamaq istəyirsə, bundan hamı qazanar. Mənə gəldikdə, inanın bu haqda heç düşünməmişəm. Bu elə bir şey deyil ki, ağlına gəlsin və dərhal bunu edəsən. Hər halda, gələcəkdə necə olacağını da bilmirik. Qısa müddətdir ki, Azərbaycandayam. Premyer Liqasının vacib oyunçularından olacağıma ümid edirəm.