Fernando Santos: “Türkiyə gah yaxşı, gah da pis oynayır”
27.11.2021 - 15:29
Fernando Santos: “Türkiyə gah yaxşı, gah da pis oynayır”

“Püşkatmanın nəticəsini dəyərləndirməyə ehtiyac yoxdur. Pley-off mərhələsinin hər iki oyununu evdə keçirməyimiz bizim üçün üstünlükdür”.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernando Santos DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

67 yaşlı mütəxəssis C yolunun yarımfinal mərhələsində Türkiyə ilə evdə keçirəcəkləri matçla bağlı fikirlərini də bölüşüb. O, rəqibin qeyri-stabil komanda olduğunu vurğulayıb: “Türkiyə çox dəyişkən kollektivdir. Komanda şəklində gah yaxşı, gah da pis oynayır. İtaliya barədə danışmaq üçün hələ tezdir. İlk növbədə Türkiyəni məğlub etməyə köklənməliyik. Bu, bizim üçün ən önəmli final oyunudur və əsas hədəfdir. Qətərdəki mundialda yer alacağımıza şübhəm yoxdur”.

Qeyd edək ki, pley-off mərhələsinin yarımfinal oyunları gələn il martın 24-də keçiriləcək. Portuqaliya – Türkiyə görüşünün qalibi finalda İtaliya – Şimali Makedoniya matçından qələbə ilə ayrılacaq komanda ilə üz-üzə gələcək.