İtaliyanın “Milan” klubu koronavirus pandemiyası ilə bağlı fasilədən sonra mayın 4-də məşqlərə başlamağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, məşqlərə icazə veriləcəyinə ümid edən A seriyası təmsilçisi bu məqsədlə də ölkə xaricində olan bütün legionerləri geri çağırıb.
Milanın eyniadlı təmsilçisi bu futbolçuların gələn cümə axşamı – aprelin 23-də geri dönməsini istəyir. İtaliyalılar Zlatan İbrahimoviç, Rafael Leao, Hakan Çalhanoğlu, Simon Kyer, Asmir Beqoviç və Lukas Paketin yolunu gözləyəcək. Qrup halında məşqlər üçün bazaya dönməzdən öncə bu oyunçular evdə iki həftəlik izolyasiya proseduru keçməlidir.
Qeyd edək ki, İtaliya çempionatı martın əvvəlində koronavirus pandemiyası üzündən dayandırılıb.