Mövsüm bitər-bitməz heyətlərinə əl gəzdirən Premyer Liqa klubları bir tərəfdən də transfer çalışmalarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, hələlik cəmi 5 yeni futbolçu Azərbaycana təşrif buyurub.
Qalanları elə Premyer Liqada bir klubdan digərinə keçid ənənəsini davam etdirməklə məşğuldur. Futbolçuların ölkə daxilində komandaları əlcək kimi dəyişmələri adi hala çevrilib. Hələlik yalnız Xəyal Nəcəfov və Ramil Şeydayevin şəxsi karyerasında irəliyə doğru addım atdığını söyləmək olar. Hər halda onların əvvəlki klublarından “Neftçi” və “Qarabağ”a keçmək yüksəliş sayılır.
Komandasını dəyişən digərlərinin isə karyerası baxımından yerində saydığını desək, yanılmarıq. Həmçinin hazırda azad agent statusu daşıyanlar da var. Hələlik yalnız “Qarabağ”, “Neftçi” və “Səbail”dən ayrılan yerli futbolçular havada qalmayıblar. Ancaq digər 5 kluba lazım olmayan ümumilikdə 13 oyunçu təklif gözləyir. Milliləşdirilmiş legionerlər Ruslan Qurbanovla Riçard Almeyda da bu siyahıya aiddir.
Təklif gözləyən həmin yerli futbolçular bunlardır:
Kərim Diniyev, Ruslan Qurbanov, Tural Bayramlı, Şəhriyar Rəhimov, Riçard Almeyda – hamısı “Zirə”
Cavid Hüseynov, Sadiq Quliyev, Ülvi İsgəndərov, Faiq Hacıyev – hamısı “Qəbələ”
Elşən Abdullayev – “Sabah”
Elvin Yunuszadə, Bahadur Həziyev – hər ikisi “Keşlə”
Cavid İmamverdiyev - “Sumqayıt”