“Milan”ın futbolçusu Zlatan İbrahimoviçin İsveç millisindəki gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu 40 yaşlı veteranın özü açıqlayıb.
Hücumçu DÇ-2022-nin pley-off mərhələsinin Polşa ilə görüşündəki 0:2 hesablı məğlubiyyətindən sonra yığma karyerasını davam etdirəcəyini bildirib: “Məğlubiyyət komandanın xeyrinə ola bilər. Bu, yeni komandadır. İndi inkişaf etməyə başlayıb. Şadam ki, bu layihədə iştirak edirəm. Meydanda olmaq xoşdur. Hər dəqiqə mənim üçün bonusdur. Polşaya uduzduğumuz üçün millidən getməyəcəyəm. Çox uzaq gələcəkdən danışmaq istəmirəm. 2 il uzun dövrdür. Görək, milli və klub karyeram necə davam edəcək”.
Qeyd edək ki, İsveç bu məğlubiyyətlə DÇ-2022-dən kənar qalıb.