İki ayağı bir başmaqda - AFFA-nın
09.06.2020 - 11:22
İki ayağı bir başmaqda - AFFA-nın

Koronavirus pandemiyası Azərbaycan futbolunun bölgə problemini çılpaqlığı ilə üzə çıxardı.

Apasport.az saytının məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə və Lənkəranda iyunun 6-8-i aralığında ən sərt karantin rejimini elan etməsi yenicə məşqləri bərpa edən klublarımızı növbəti dəfə “yuxuya verdi”.

Bəli, cəmi 4 şəhərdə bu rejim tətbiq olundu ki, onların da yalnız ikisinin futbol komandas(lar)ı var. Vur-tut 8 klubu olan Premyer Liqa təmsilçilərinin 6-sının Bakıda məskunlaşması hər belə qərarda futbolçuları evə məhkum olmağa vadar edir. Yalnız “Qəbələ” bir gün öncədən doğma bazasına getdi, şənbə-bazarı könül rahatlığı ilə məşq edərək keçirdi. Məşqdən çəkilmiş fotolar isə sanki digərlərinə acıq idi.

İctimaiyyət, media hər dəfə “bölgələrdə futbolu canlandırmaq lazımdır” deyəndə bunu qulaqardına vuran AFFA indi iki ayağını bir başmaqdan çıxara bilmir. Halbuki Tovuz, Şəmkir, Zaqatala, İmişli, Bərdə, Yevlax kimi rayonlarda komanda olsaydı, assosiasiya da iki daş arasında qalmazdı. Adları çəkilən bölgələrdə komandanın yaşaması stadionun hazır vəziyyətdə olması deməkdir. Şənbə-bazar qadağaları bu rayonlarda ki yoxdur. AFFA da çempionatın qalan matçlarını məhz bu zonalarda rahatlıqla keçirərdi. Düzdür, Premyer Liqanı iyunun 21-də bərpa etdirməkdə israrlıdırlar. Həftəsonları ilə bağlı qadağanın isə hələ bir müddət davam etməsi istisna deyil. Bu da avtomatik çempionatın vaxtından əvvəl başa çatdırılması anlamına gələcək.

PFL prezidenti Ramin Musayev boş yerə Tovuz, Gəncə klublarının Premyer Liqaya qaytarılması üçün canfəşanlıq eləmir. O da gözəl başa düşür ki, futbol məhz bölgələrdə futboldur. Həmin zonalarda dolu tribunalar önündə elə ajiotaj yaranır ki, istər-istəməz insanın gözündə oyun daha dinamik, keyfiyyətli görünür. Bakıda isə sadəcə lüt tribunalar önündə həvəskar görüntüdən başqa bir şey deyil.

Alternativ variantı olmayan futbol başbilənlərimizin Operativ Qərargahın növbəti qərarlarını gözləməkdən başqa çarəsi yoxdur...
 

0
AFFA Azərbaycan Premyer Liqası bərpa