İlk 1/4 finalçılar müəyyənləşəcək - Çempionlar Liqası
09.03.2020 - 20:14
İlk 1/4 finalçılar müəyyənləşəcək - Çempionlar Liqası

Sabah Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, iki gün ərzində 1/4 finalın ilk dörd iştirakçısı müəyyənləşəcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. “Valensiya” İspaniyada “Atalanta”nı qəbul edəcək. Evdə böyükhesablı qələbə qazanan İtaliya təmsilçisi üstünlüyünü qorumaq üçün səfərə çıxıb. “Yarasalar” isə ən azı üç cavabsız qolla cütdə geridönüş etməlidir.

Almaniyada keçiriləcək görüşdə isə meydan sahibləri üstünlüyə malikdir. İngiltərədə “Tottenhem”i bir qolla yenən “Leypsiq” 1/4 final şansından yararlanmaq əzmindədir. Premyer Liqada da işləri yaxşı getməyən London təmsilçisi yenilginin əvəzini çıxmaq üçün mübarizə aparacaq.

Martın 11-də daha iki 1/4 finalçı bilinəcək. Premyer Liqada çempionluğun astanasında olan “Liverpul” evdə “Atletiko”nun müqavimətini qırmağa çalışacaq. Səfərdə Madrid təmsilçisi ilə bacarmayan mersisaydlılar ötən il qazandığı titulu əldən verməmək üçün bu səddi keçməlidir.

PSJ “Park de Prens”in boş tribunları önündə Dortmund “Borussiya”sını qəbul edəcək. Fransa təmsilçisi Almaniyada aldığı məğlubiyyəti bir qolla da unutdura bilər. Lakin yüksəlişdə olan Bundesliqa təmsilçisi də mümkün qədər irəliləməyi hədəfləyib.

Qeyd edək ki, 1/8 finalın cavab oyunlarına gələn həftə yekun vurulacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
10 mart

00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. “Mestalya” stadionu
İlk oyun – 1:4

00:00. “Leypsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. “RB Arena”
İlk oyun – 1:0

11 mart
00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Entoni Taylor (İngiltərə)
Paris. “Park de Prens”
İlk oyun – 1:2

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya)
Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul. “Enfild Roud”
İlk oyun – 0:1