
"Sabah"ın Müşahidə Şurasının üzvü, sabiq çalışdırıcısı İqor Ponomaryovun apasport.az saytına müsahibəsi
- "Sabah" çempionatın ilk yarısını turnir cədvəlinin altıncı pilləsində başa vurdu. Ölkə kubokunda isə "Qəbələ"yə uduzdu. Çempionatın ilk yarısını "Sabah" üçün uğursuz hesab etmək olar?
- Çempionatın ilk yarısı "Sabah" üçün hardasa uğursuz alındı. Amma komandanın turnir cədvəlində yüksəlməsi üçün istəyi və ümidi var. "Sabah"ın mövsümü turnir cədvəlində layiqli yerdə bitirməsi üçün istəyi çoxdur. Ümidvaram ki, belə də olacaq.
- Komandada bir neçə dəfə baş məşqçi dəyişikliyi baş verdi. Bunun çıxışınıza nə dərəcədə təsiri oldu? Çoxları deyirdi ki, Ponomaryov baş məşqçi postunda qalsaydı, komanda daha yaxşı nəticələr verərdi. Sizcə, doğurdan belə olardı?
- Əlbəttə ki, baş məşqçi dəyişiklikləri asan məsələ deyil. Bu futbolçular üçün də müəyyən çətinliklər yaradır. Amma bu, artıq baş verib. Mənim baş məşqçi postunda qalıb-qalmamağıma gəlincə, razılığımız olmuşdu ki, yeni baş məşqçi tapılana qədər komandaya kömək edəcəm. Həmin dövrdə gördüyüm işlər barədə yaxşı rəylər almaq, yaxşı fikirlər eşitmək məni məmnun edir.
- Mövsüm əvvəlində böyük ümidlərlə transfer olunan Hendrik Ekşteyn və Rocer Roxas komandadan göndərildi. Siz də onlarla işləmişdiniz. Bu futbolçular həqiqətənmi, getməli idi?
- Roxasın komandada özünü tapa bilməməsinə görə hamımız təəssüflənirik. Çünki onu komandaya qol vuran hücumçu kimi gətirmişdik. Ekşteynə gəlincə, özünün də dediyi kimi adaptasiya onun üçün çətin alındı. Ona görə o, özünü ən yaxşı tərəfdən göstərə bilmədi. Bu mənada Roxas və Ekşteynin komandadan gedişi məntiqlidir.
- "Sabah"ın fasilədən sonra uğurlu çıxış etməsi üçün nə lazımdır? Komandanın çox dəyişikliyə, transferə ehtiyacı var?
- Bu suallar artıq mənə aid deyil. Nəsə deməyim düz olmaz.
- Bəs yeni baş məşqçi Jelko Sopiç "Sabah"a kömək edə biləcək? O, gəldiyi gündən ancaq futbolçulardan şikayətlənir...
- Mən heç vaxt digər məşqçiləri müzakirə etmirəm. Əslində, bunu öz həmkarlarıma qarşı düzgün saymıram. Fərqi yoxdur, Sopiç və ya başqası. Məncə, düzgün deyil.
- Uzun illər sonra qısamüddətli olsa da, baş məşqçi kimi fəaliyyət göstərdiniz. Maraqlıdır, "Sabah"dakı fəaliyyətinizdən sonra sizi baş məşqçi postuna dəvət edən komanda oldu?
- Xeyr, heç kim mənimlə danışıq aparmayıb.
- "Dinamo" Ramil Şeydayevlə yollarını ayırdı. Forvardın dediyinə görə, Azərbaycanda oynamaq variantı da var. Sizcə, Şeydayev Azərbaycanda, "Neftçi" və "Sabah" kimi komandalarda oynasa yaxşıdır, yoxsa Rusiyada qalmalıdır?
- Ramil güclü çempionatda inkişaf etməlidir. Ona özünü ən yaxşı tərəfdən göstərəcəyi, yaxşı və doğru komanda seçməsini arzulayıram. Bu, başqa çempionatlar da ola bilər. Əsas odur ki, özü üçün tramplin sayılacaq ölkələrdə oynayıb, Avropanın daha yaxşı liqalarına yollansın.