DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan İrlandiya yığmasında baş məşqçi dəyişikliyi ola bilər.
Apasport.az saytının məlumatına görə, bunu yerli millinin sabiq futbolçusu Toni Kaskarino bildirib.
Onun sözlərinə görə, İrlandiya Futbol Assosiasiyası hazırkı çalışdırıcı Stefen Kennini dəstəkləsə də, uğursuz çıxışlar istefanı şərtləndirir. Kaskarino hətta yeni çalışdırıcının kimliyini də açıqlayıb. O, keçmiş komanda yoldaşı Kris Hyutonun komandanı çətin durumdan çıxaracaq səviyyədə olduğunu düşünür: “Nümayəndələr Kenninin yaxın gələcəkdə istefaya göndəriləcəyi təqdirdə, ehtimal olunan namizədin Hyuton olduğunu vurğuladılar. Mən də onun yığmadakı problemləri həll edəcəyini düşünürəm. Fikrimcə, yeni çalışdırıcı məhz Hyuton olacaq”.
59 yaşlı mütəxəssisin fikrincə, Kris Hyutonun baş məşqçisi olduğu “Nottingem Forest”dən yenicə ayrılması da assosiasiya üçün şansdır.
Qeyd edək ki, İrlandiya yığması seçmə mərhələnin növbəti matçını oktyabrın 9-da Bakıda Azərbaycan millisinə qarşı keçirəcək. Həmin vaxta qədər baş məşqçi dəyişikliyi reallaşsa, Kris Hyutonun yığmada ilk rəsmi matçı məhz Azərbaycanda olacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər