Fevralın 16-da Kamran Quliyevin "Neftçi”yə qəfil gəlişinin 3 ili tamam olacaq. Klubun "sükanı arxası”na keçdiyi müddətdə baza tikintisini uğurla davam etdirərək dörd məşqçi dəyişib. Bu dörd məşqçidən ikisinin arxasında olub, yerdə qalan ikisinə də inanıb. Müsahibələrinə əsasən deyirəm.
Təbii, "Neftçi” kimi klubun prezidentinə vaxt lazımdı, üç il nədi ki?
Baza tikir hələ...
Məşqçinin işi isə başqadı – komandanı çempion etmək. Ölkənin ən qocaman, imkanlı klubuna çempionluq, kubok qazandıra bilməyən mütəxəssisin o kollektivdə nə işi var? Rəhbərlik çıxıb futbol oynamalıdı?
Klub prezidenti neyləsin, baza tikir dəə...
Sizə, bizə, onlara asan gəlməsin klub idarə etmək. Heç olmasa, arxada qalan üç ilə boylanın. Avropa Liqasında ardıcıl olaraq çıxış etmək uğur deyil? Haqqına danışmaq, yazmaq lazımdı.
Kamran Quliyev qəflətən adama sual verər e...
Soruşar ki, belə asandırsa, "Səbail”, "Qəbələ”, "Sabah” niyə təkrar edə bilmir bizim uğuru? Nə cavab verəcəksiniz?
Amma bu basa-basda baza da tikir hələ...
Ağzıgöyçəklər yazır ki, "Neftçi” rəhbərliyi məşqçiləri əlcək kimi dəyişir. İnsafınız olsun. O işi bu işə qarışdırmayın. Klub rəhbərliyi əlcəyi məşqçi kimi dəyişir. Məşqçini əlcəyə dəyişir desək, lap dəqiq olar.
Çünki Kamran Quliyev baza tikir dənə...
"Neftçi” fərqli klubdu, "Neftçi” böyük klubdu!
Başqa klublara, qurumlara, holdinqlərə, şirkətlərə xəyalınız getməsin. Onlarda tikinti mühəndisi bu işləri görür, "Neftçi” də isə prezident. Gözəl səslənir, deyilmi?
Hər şeyin öz vaxtı var. Çempionluq da, kubok da, Çempionlar Liqası da olacaq...
Hələ ki Kamran Quliyev baza tikir... (fanat.az)