“Növbəti dünya çempionatı məni o qədər də maraqlandırmır. Bu, mənim üçün əsl dünya çempionatı deyil”.
Apasport.az saytının məlumatına görə, bunu əfsanəvi fransalı futbolçu Erik Kantona DÇ-2022 ilə bağlı danışarkən deyib.
“Mançester Yunayted”in sabiq oyunçusu mundialın Qətərdə təşkilinə qarşı çıxıb. O, bu səbəbdən yarışı izləməyəcəyini söyləyib: “Yay Olimpiya Oyunları və dünya çempionatı Rusiya, Çin kimi inkişaf etməkdə olan ölkələrdə keçirildi. Amma Qətər futbol ölkəsi deyil. 90-cı illərdə Cənubi Afrikada və ya ABŞ-da olduğu kimi, futbolu inkişaf etdirmək və populyarlaşdırmaq imkanı olan ölkədə dünya çempionatının keçirilməsinin əleyhinə deyiləm. Budəfəki mundialın Qətərə verilməsinə gəlincə, söhbət yalnız puldan gedir. Şəxsən mən Qətərdəki çempionata baxmayacağam”.
Qeyd edək ki, DÇ-2022 noyabr-dekabr aylarında baş tutacaq.