Kevin Medina: “Bir qolla kifayətlənmək istəmirəm”
09.03.2022 - 11:47
Kevin Medina: “Bir qolla kifayətlənmək istəmirəm”

“Həqiqətən də, gözləyirdim ki, komandam üçün qol vuracağım gün gələcək. Buna görə çox xoşbəxtəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.

Premyer Liqanın XVIII turunda “Qəbələ” üzərində 5:1 hesablı qələbəyə bir qolla töhfə verən kolumbiyalı futbolçu Ağdam klubunun heyətində “siftə” edib.

O, klubun rəsmi saytına açıqlamasında ilk qolu ilə bağlı təəssüratlarını bölüşüb: “Çox şirin və unudulmaz an idi. Hər dəfə standart vəziyyətlərdə irəli gedəndə düşüncəmdə qol vurmaq və komandama xeyir vermək olub. Ancaq qol vurmağım alınmırdı. Allah “Qarabağ”da ilk qol vurmağımı həmin günə nəsib etdi. Qarşılaşmada mənim müdaxiləmdən sonra qapımıza penalti təyin edilmişdi. Bu səbəbdən komandamız mənə görə qol buraxdı. Daha sonra isə Tanrı mənə qol vurmaq fürsəti yaratdı. Qol vurduqdan sonra ikiqat sevinc yaşadım. Bu mövsüm bir qolla kifayətlənmək istəmirəm. Ən azı dörd qol vurmaq fikrindəyəm. Hədəfim budur”.

Bu gün doğum gününü qeyd edən 29 yaşlı müdafiəçi xoş mesajlara görə azarkeşlərə təşəkkür edib: “Doğum günümlə bağlı azarkeşlərimizdən çoxsaylı xoş mesajlar alıram. Onların hər birinə təşəkkür edirəm. Azarkeşlərimizin dəstəyini hər zaman hiss edirik. Çalışacağıq ki, mövsümün sonunda onları sevindirək. Hazırda çempionatda 1-ci pillədəyik və mövqeyimizi qorumaq üçün sona qədər mübarizə aparacağıq”.