“Jordi Qomes uzaq məsafədən zərbələr vurmağa çalışan futbolçudur. Bu qol əsl futbol zəkasıdır”.
Apasport.az saytının məlumatına görə, bunu kiprli mütəxəssis Nikos Panayitou Konfrans Liqasının qrup mərhələsində “Omoniya”nın “Qarabağ”a son dəqiqədə vurduğu bərabərlik qolu barədə danışarkən deyib.
Jordi Qomesin meydanın mərkəzindən vurduğu qolu dəyərləndirən 51 yaşlı məşqçi rəqibin təşvişə düşməsinin bunda rol oynadığını söyləyib: “Həmin anda qapıçının mövqeyini ölçmək önəmlidir. “Qarabağ” kimi təşvişə düşəndə belə zərbə gözləmirsən. Hamı Qomesin qolundan zövq aldı”.
Son olaraq 2018-ci ildə “Aris”i çalışdıran Panayitou “Omoniya”nın baş məşqçisi Henninq Berqi də heyət seçiminə görə tərifləyib: “Berqin heyətdəki dəyişiklikləri hər kəsi təəccübləndirdi. “Qarabağ” önündə çox yaxşı komanda izlədik. “Omoniya” Bakıda uduzsaydı, əhval-ruhiyyə itəcəkdi. Qomesin gözəl qolu isə layiqli nəticəni gətirdi. “Omoniya”nın start heyətində 6 yerli oyunçu var idi. Onlar həm büdcələrinə pul gətirdilər, həm də perspektivli olduqlarını göstərdilər”.
Qeyd edək ki, Tofiq Bəramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Omoniya” oyunu 2:2 hesabı ilə yekunlaşıb.