Azərbaycan milli komandasının mart ayında keçirilməli olan yoxlama oyunlarının koronavirus epidemiyasından ləğvi yığmamıza ən azı yarım illik fasilə yaradıb.
Apasport.az saytının məlumatına görə, son oyununu 2019-cu il noyabrın 19-da Slovakiyada meydan sahiblərinə qarşı keçirən və 0:2 hesabı ilə uduzan komandamız ən yaxşı halda mayın 26-da meydana çıxacaq.
Türkiyə ilə səfərdə planlaşdırılan yoxlama oyunu baş tutsa, milli 189 gündən sonra qüvvəsini sınayacaq. Bu isə Azərbaycan yığmasının son beynəlxalq arenaya rəsmən çıxdığı müddət üçün antirekorddur. Söhbət AFFA-nın UEFA və FİFA-ya üzv olduğu 1994-cü ildən sonrakı dövrdən gedir.
Bu 26 ildə indiyədək heç vaxt millinin iki oyunu arasında belə uzun müddət fasilə yaranmayıb. Ən pis halda 1998-ci ilin martında iki görüşü 5 aydan artıq müddət - 162 gün ayırıb.
Düzdür, AFFA beynəlxalq qurumlara üzv olana qədər – 1992-94-cü illərdə komandamız daha uzun fasilələrlə oyunlar keçirib. Amma həmin dövrdə tam tanınmayan assosiasiyanın yığması üçün rəqib tapmaq da qurumlara üzv olmamaqla bağlıdır.