"Tottenhem"in yarımmüdafiəçisi Dele Alli İngiltərə Futbol Assosiasiyası tərəfindən cəzalandırıla bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb onun koronavirusla bağlı çəkdiyi videodur.
Ağzını bağlayaraq video çəkən İngiltərə millisinin üzvü orada zarafatla virusun yayılmasından söhbət açır və daha sonra yaxınlıqda əyləşən asiyalı bir nəfəri çəkir. Yerli assosiasiya bununla bağlı 24 yaşlı futbolçunun özü ilə əlaqə saxlayıb və izahat tələb edib.
Əgər oyunçunun yanlış davrandığı və ya futbolun nüfuzuna xələl gətirdiyi təsdiqlənərsə, bir neçə matçlıq diskvalifikasiya ediləcək. Videodakı görüntü etnik mənşəyə, rəngə, irqə və ya millətə birbaşa, ya da dolayı yolla təhqir kimi qəbul edilə bilər.
Qeyd edək ki, Çində yayılan koronavirusa görə 900-dən çox insan ölüb.