“Qol vurduğum üçün çox sevincliyəm. Amma bundan daha vacib hədəflərimiz var idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Leandro Andrade Azərbaycan Premyer Liqasının XXI turunda “Səbail”lə keçirilən oyun barədə danışarkən deyib.
5:1 hesabı ilə qalib gəldikləri matçda dubla imza atan kabo verdeli yarmmüdafiəçi “siftə” etməsi ilə bağlı təəssüratlarını bölüşüb: “Mövsümün gedişində “Səbail”ə məğlub olmuşduq. Bu üzdən qalib gəlmək istəyirdik. Bunu bacardığımız üçün şadıq. Oyundan əvvəl də inamlı idim. Ümumiyyətlə, yaxşı hazırlaşmışdıq və gözlədiyimiz oyunu nümayiş etdirdik”.
- Kabo Verde millisində də debüt etdiniz. Ötən bir həftəni sizin üçün uğurlu saymaq olar?
- Çoxlu işləməyin nəticəsini tezliklə görürsən. Mən də eyni templə davam etməliyəm.
- Yeni ölkəyə gəlmisiniz. Komandanıza tam uyğunlaşa bilmisiniz?
- Buna, bəlkə də, heç uyğunlaşma dönəmi də demək olmaz. Həm məşqçi heyəti, həm də komanda yoldaşlarım o qədər isti münasibət göstərdilər ki, uyğunlaşma dönəmi yaşadığımı deyə bilmərəm. Bu proses çox tez baş verdi.
- Kabo Verde millisini seçsəniz də, Portuqaliyada doğulmusunuz və “Qarabağ”da qol vuran ilk portuqaliyalısınız. Bu fakt sizin üçün nə deməkdir?
- Çox xoşbəxtəm. Sözlərinizdən belə çıxır ki, ilkə imza atmışam. Əslində “Zirə” ilə oyunda da qol vəziyyətləndən istifadə edə bilməmişdim. Komanda yoldaşlarımın üzərimdə zəhməti çoxdur. Həmin görüşdə şansları qaçırsam da, matçdan sonra hamı mənə yaxınlaşdı, dəstək oldu. Dedilər ki, həmin qol vəziyyətləri yaratmaq özü də bir şeydir, belə davam elə, qollar gələcək. Eynilə onların dediyi kimi oldu.
- Həmyerliniz Patrik Andrade “Qarabağ”a gəldikdən sonra sizdə bu komandaya keçməklə bağlı bir istək yaranmışdımı?
- “Qarabağ”a gəlməzdən əvvəl Patriklə iki oyunu bir yerdə keçirmək imkanı əldə etmişdim. Sonradan o, “Qarabağ”a keçdi, mən də başladım bu komandanın oyunlarını izləməyə. Daim nəzarətdə saxlayırdım. Həmin dönəmdə “Qarabağ”ın necə böyük komanda olduğunun fərqinə varmışdım. Təklif gələndə də bunu böyük sevinclə qarşıladım və düşünmədən qəbul elədim.
- Özünüzü hansı mövqedə daha rahat hiss edirsiniz?
- Bu gün əsas heyətdə başladığım mövqe mənim üçün daha rahatdır.
- Burada gününüzü necə keçirirsiniz, yerli mətbəxlə aranız necədir?
- Elə böyük fərq hiss eləmirəm. Gündəlik vaxtımı keçirdiyim insanlar, mənə olan münasibət… Qəribə bir yerə düşdüyümü hiss eləmirəm. Yeməklərlə bağlı da eyni sözü deyə bilərəm. Milli mətbəxin də dadına baxmışam, yeməklər dadlıdır. Yağlı yeməklər olsa da, bu, bizə olmaz.
- Kabo Verde millisini seçməyinizdə əsas rol nə oynadı? Patrik Andradenin buna təsiri oldumu?
- Həm atamla, həm də Patiklə bununla bağlı danışığımız oldu. Ümumiyyətlə, Kabo Verdedə məni milliyə cəlb etmək üçün çox maraqlı idilər. Daim diqqətdə saxlayırdılar. Kabo Verde mədəniyyətini özümə daha yaxın hiss edirəm. Bütün bunlar millini seçməyimdə əsas faktor oldu.
- Rəqibləri də artıq tanıyırsınız. “Qarabağ”ın mövsümü “qızıl dubl”la başa vurmaq şansını necə dəyərləndirərdiniz?
- Həm potensialımız, həm də gücümüz buna çatar. Sadəcə, buna inanmaq lazımdır. Düşünürəm ki, yeganə rəqibimiz özümüzük. Özümüz özümüzə badalaq vurmasaq, heç məqsədimizdən bizi heç nə yayındıra bilməz.