Çempionlar Liqasında daha iki komanda üçün qış fasiləsi başa çatır.
Apasport.az saytının məlumatına görə, İspaniya “Atletiko”su İngiltərə təmsilçisi “Çelsi” ilə 1/8 finalın ilk matçına çıxacaq.
Madrid təmsilçisi ev qarşılaşmasını Rumıniyada keçirəcək. Buna səbəb koronavirus pandemiyasının Britaniya ştammına yoluxma olan ölkə təmsilçilərinin İspaniyaya girişinə məhdudiyyətlərin varlığıdır.
Bu üzdən matç Buxarestdəki Milli stadionda təşkil olunacaq. Son matçlarında azarkeşlərini üzən rəqiblər bu dəfə qələbə qazanmağa köklənib. La Liqanın lideri “Levante”yə ev məğlubiyyətini (0:2) unutdurmaq əzmindədir. “Sauthempton”la heç-heçə edən (1:1) “Çelsi” Premyer Liqadakı 5-ci yeri Avropadakı uğurla sıralamaq arzusundadır.
İspaniya təmsilçisi qış fasiləsində heyətini Mussa Dembele, Alvaro Qarsia, Cefri Kondoqbia ilə zənginləşdirib. Londonlular isə heç bir yeni oyunçu sifariş etməyib. Əvəzində baş məşqçisi Frank Lempardla yollarını ayıran komanda ötən il PSJ ilə final həyəcanı yaşamış Tomas Tuxellə ilk avrokubok sınağına çıxacaq.
Təxmini heyətlər
“Atletiko”: Oblak; Lorente, Saviç, Felipe, Hermoso, Lodi; Koke, Kondoqbia, Niquez; Feliş, Suárez
“Çelsi”: Mendi; Azpilikueta, Zuma, Rudiger; Ceyms, Kante, Kovaçiç, Alonso; Maunt, Jiru, Verner
La Liqa təmsilçisinin baş məşqçisi Dieqo Simeone görüş ərəfəsində rəqib haqda yüksək fikirdə olduğunu gizlətməyib: “Çelsi” komandanı daha yaxşı oynamağa sövq edən Tomas Tuxelin dövründə çox dəyişib. Bu, əla oyunçulara malik güclü komandadır. Üstəlik, kluba yaxşı maliyyə ayrılıb. Onların üç qapıçısının səviyyəsinə baxanda komandanın potensialı görünür. “Çelsi”nin hücumçuları isə Avropanın istənilən komandasında oynaya bilər”.
Baş məşqçi postunda Frank Lempardı əvəzləyən Tomas Tuxel də çətin olduqlarını açıqlayıb: “Bu, böyük sınaqdır. Bu səviyyədə təcrübəyə malik klub və təcrübəli baş məşqçi. Ümid edirəm ki, biz bütün ən yaxşı bacarığımızı nümayiş etdirəcəyik. Hər şeyi öz istədiyimiz kimi etməyə çalışacağıq. Lakin rəqib də öz oyununu diqtə etmək istəyəcək. “Atletiko”ya qarşı matçda döyüş, təcrübə və mentalitetə malik rəqiblə mübarizə aparmalı olduğumuz da aydın məsələdir”.
“Atletiko” və “Çelsi”nin avrokubok yolları dəfələrlə kəsişib. Sonuncu belə hadisə 2017/18 mövsümündə yaşanıb. Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la eyni “dördlük”də yer alan rəqiblər iki dəfə görüşüb. Madriddə 2:1 hesablı səfər qələbəsinə sevinin “Çelsi” Londonda qollu heç-heçə ilə kifayətlənib - 1:1.
İngiltərə təmsilçisi 2009/10 mövsümündə də Çempionlar Liqasının qrupunda rəqibindən 4 xal alıb – 2:2, 4:0. Digər iki duel isə İspaniya klubunun qələbəsi ilə başa çatıb. Madridlilər 2012-ci ildə UEFA Superkubokunu “Çelsi” üzərində 4:1 hesablı qələbə ilə qazanıb. 2013/14 mövsümün Çempionlar Liqasının yarımfinalında səfər qələbəsi “Atletiko”nu finala daşıyıb – 0:0, 3:1.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq “Atletiko” – “Çelsi” matçının baş hakimi Feliks Brix olacaq.