Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Olimpiakos”u qəbul edəcək “Neftçi”də zədəli futbolçuların durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçilər Emin Mahmudov və Sabir Buqrinin durumu qorxulu deyil.
Pireydəki ilk görüşün sonlarında zədə səbəbindən əvəzlənən hər iki futbolçu hazırda kollektivlə birlikdə məşqlərdə iştirak edir. Həm kapitan, həm də belçikalı sabahkı qarşılaşmada məşqçilər korpusunun sərəncamında olacaq.
“Ağ-qaralar”ın heyətindəki itkilər zədəli Namik Ələskərov və qırmızı vərəqə cəzalısı Mert Çelikdir.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək görüş 21:00-da başlayacaq. İlk matçda Yunanıstan təmsilçisi minimal hesabla (1:0) qalib gəlib.