Maksim Medvedev: “Bu jestlə göstərdik ki, “Qarabağ” nə deməkdir” - MÜSAHİBƏ
26.02.2022 - 17:01
Maksim Medvedev: “Bu jestlə göstərdik ki, “Qarabağ” nə deməkdir” - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Maksim Medvedevin apasport.az saytına müsahibəsi

- "Marsel"lə hər iki oyunu yüksək səviyyədə keçirməyinizə baxmayaraq, məğlub oldunuz...
- Razıyam, oyun baxımından “Marsel”lə başabaş oynadıq. Açıq futbola üstünlük verdik. Rəqibdən çəkinmədən öz oyunumuzu göstərirdik.

- Bu matçlarda çıxışınızı necə dəyərləndirərdiz? Baxımlı oyunu qələbəyə çevirmək üçün nə çatmadı?
- Əgər qol imkanlarımızdan yaralana bilsəydik, daha yaxşı olardı. Həm də qeyd etmək lazımdır ki, “Marsel”in potensialı bizi üstələyirdi. Onlar öz imkanlarından maksimum faydalanırdılar.

- Baş məşqçi Qurban Qurbanov bu mövsüm sırf hücum futboluna kökləndiyinizi bildirdi. Həqiqətən də, bu mövsümdəki "Qarabağ" əvvəlki mövsümlərdən nə ilə fərqlənir? 
- Qurban hoca əvvəldən bizə demişdi ki, turnir boyu ancaq hücumameylli oynamalıyıq. Artıq müdafiə futbolu keçmişdədir, komanda şəklində həm hücumda, həm də müdafiədə olmalıyıq. 

- Tələb olunan bu templə ayaqlaşmaq çətin olmur?
- Nəticələr göstərdi ki, düz yol seçdik. Qrupdan çıxa bildik. Belə də davam etməliyik. Nəticələr daha yaxşı olacaq.

- Bakıdakı oyunun birinci hissəsində İbrahima Vadjinin ləğv olunan qolu zamanı baş məşqçi və səninlə məsləhətləşmələr oldu. Ardından belə qərar verildi... 
- Çox maraqlı hadisə baş verdi. Biz həmişə düzgünlüyə üstünlük vermişik. Baxmayaraq ki, bizə qarşı haqsızlıqlar olub. Bu jestlə biz göstərdik ki, “Qarabağ” klubu nə deməkdir. İnanıram ki, növbəti illərdə Avropada bizə olan simpatiya artacaq. 

- Həmin vaxt aranızda hansı söhbətlər oldu, bu qərarın komandaya oyunun gedişində hər hansı təsiri olmadı?
- Hoca bizi çağırdı və dedi ki, əgər bilərəkdən əllə vurubsa, hakimə düzünü söyləmək lazımdır. Çünki ilk qərarı qolu saymaq idi. Biz düzgünlüyü seçdik. Bəzi futbolçular qolun sayılmasını istəsə də, ola bilər əsəbləşdilər ki, bu da normaldır. Çünki həmin an bizə qarşı haqsızlıqlar yada düşür.

- Avrokuboklarda 114-cü oyununu keçirməklə Rəşad Sadıqovun rekordunu yenilədin, Azərbaycan futbol tarixinə düşdün. Bunun sənin üçün nə kimi önəmi var?
- Mən heç vaxt hər hansı rekordların dalınca qaçmırdım. Həmişə çalışmışam stabil olum və komandaya xeyir verim. Nəticələr özü gəlir. Vaxt gələcək kimsə mənim də oyun sayımı keçəcək.

- Karyeranı davam etdirdiyin üçün yəqin ki, bu göstəricini bir qədər də artıracaqsan... 
- Bəli nəticələr yəqin artacaq. Çünki hələ futboldayam, hər futbolçuya böyük oyunlar nəsib olmur. Artıq 2009-cu ildən bu turnirlərdə iştirak edirəm. 13 ildir ki bu oyunları oynayıram. Özümü stabil saxlamağa çalışıram. Bu, çox çətin bir işdir. 

- Sənin rekordunu gələcəkdə qırmağa namizəd kimi görürsən, perspektivdə belə biri varmı?
- Futbolçuların arasında ancaq Qara Qarayev mənə yaxınlaşa bilər. Çünki o da özünə baxan futbolçudur.