Lionel Messi PSJ-nin növbəti uğursuz oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, argentinalı ulduz Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la cavab oyununda bəzi mənfi məqamlarla fərqlənib.
Messi Fransa klubunun heyətində fola məruz qalmayan yeganə hücumçu olub. Neymar 4, Kilian Mbappe 2 dəfə qayda pozuntusu ilə dayandırılıbsa, argentinalını saxlamağa ehtiyac olmayıb.
Lionel 1/8 finalın “Real”la görüşlərində (1:0, 1:3) qol vurmayıb. Onun pley-offda qol vurmaq seriyası qırılıb. 15 illik seriyaya malik cənubi amerikalı sonuncu dəfə 2006/07 mövsümündə “Barselona”nın 1/8 finalda “Liverpul”la qarşılaşdığı vaxt (1:2, 1:0) qol həsrəti yaşayıb.
Messi Madriddəki görüşdə çərçivəyə bir dəfə də zərbə endirməyib. Onun iki zərbəsi qeyri-dəqiq olub, biri isə bloklanıb.
Lionel 2018-ci ilin mayından “Real”a qol vura bilmir. O, son 9 dueldə nəinki qol, heç assistə də imza atmayıb. Ümumilikdə isə “Real”la 47 matçda 26 qolu olan hücumçu 14 məhsuldar ötürmə verib.
Argentinalı ardıcıl 7-ci mövsüm Çempionlar Liqasının finalını görməyəcək. O, sonuncu dəfə 2014/15 mövsümündə “Barselona”nın heyətində “Yuventus”la final oynayıb. Lionel ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turniri ilə 1/8 finalda vidalaşıb. Ötən il “Barselona”nı PSJ mübarizədən kənarlaşdırıbsa, bu dəfə parislilər “Real” qarşısında aciz qalıb.