Millətlər Liqasının qrup mərhələsinin püşkatması zamanı heç bir məhdudiyyət olmayacaq.
Apasport.az saytının məlumatına görə, Niderlandin paytaxtı Amsterdamda atılacaq püşk komandaları səbətinə uyğun istənilən qrupa sala bilər.
UEFA-nın son vaxtlar tətbiq etdiyi üç növ məhdudiyyətlər isə işləməyəcək.
Birinci növ məhdudiyyət ölkələr arasında münasibətlərlə bağlıdır. UEFA 6 cütün qarşılaşmasına imkan vermir. Lakin onlardan beşində - İspaniya (A)/Cəbəllütariq (D), Ukrayna (A)/Rusiya (B), Serbiya (B)/Kosovo (C), Rusiya (B)/Kosovo (C), Bosniya və Herseqovina (A)/Kosovo (C) komandalar fərqli liqalarda yer aldığı üçün bu dəfəki püşkatmada onları ayırmağa ehtiyac yaranmayacaq. Digər cüt Azərbaycan/Ermənistan C liqasında mübarizə aparsa da, eyni səbətdə olduğundan məhdudiyyətsiz də fərqli qruplara düşəcək.
İkinci növ məhdudiyyət şimal ölkələri ilə bağlıdır. Sərt qış iqliminə malik olmasına görə Belarus (C), Estoniya (C), Latviya (D), Litva (C), Norveç (B), Rusiya (B), Ukrayna (A) orta, Farer adaları (D), Finlandiya (B), İslandiya (A) yüksək risklilərə aid olunur. UEFA-nın qaydalarına əsasən bu 10 yığmadan maksimum 2-si eyni qrupda yer ala bilər. Liqalar və səbətlərin tərkibi bundan artığına imkan vermədiyi üçün məhdudiyyət Amsterdamda tətbiq edilməyəcək. Çünki A liqasında yalnız iki yığma – Ukrayna və İslandiya yer alıb. D liqasında isə Farer adaları və Latviya mübarizə aparacaq. Digər iki liqada üç şimal komandası var. B liqasında Norveçlə Finlandiya eyni səbətdədir və yalnız biri Rusiya ilə düşə bilər. C liqasında isə Estoniya və Litva eyni səbətdə olduğundan yalnız onlardan biri Belarusa rəqib olacaq.
3-cü növ məhdudiyyət uzaq səfərlərlə bağlıdır. UEFA 55 üzvü arasında 20 cütdə səfərin uzun olduğunu qəbul edib. Püşkatmalar zamanı eyni qrupda belə cütlərin çox olmamasına nəzarət edilir. Amma bu dəfə səbətlər və liqaların tərkibi məhdudiyyətlərə baxmağa ehtiyac yaratmayacaq.
Qeyd edək ki, püşkdə 55 yığma ümumilikdə 14 qrupa bölünəcək. A, B və C liqalarında 4 komandalı 4 qrup olacaq. D liqasında bir qrupda 4, digərində 3 iştirakçı yer alacaq.