Millidən getdi - Bakıda qalmaqal yaradan kiprli kapitan
05.03.2020 - 17:33
Millidən getdi - Bakıda qalmaqal yaradan kiprli kapitan

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqibi olan Kiprdə kapitan Giorqos Merkis yığma ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı mərkəz müdafiəçisi bu gün milli karyerasını başa vurduğunu açıqlayıb.

Kipr Futbol Assosiasiyasının prezidenti Giorqos Kumas APOEL-in oyunçusunun bu qərarına üzüldüyünü söyləyib. O, Merkisə qapılarının hər zaman açıq olacağını vurğulayıb.

2006-cı ildən bəri Kipr millisinin heyətində 50-dən çox oyunda iştirak etmiş Giorqos Merkis bu mövsüm APOEL-in heyətində iki dəfə Bakıda “Qarabağ”ın qonağı olub. Avqust ayında Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində keçirilən qarşılaşmada Azərbaycan klubunun hücumçusu Mahir Emreli ilə qalmaqal yaşayan müdafiəçi matçdan sonra Yunanıstan bayrağına sarılaraq, təxribata əl atmağa çalışmışdı.

Qeyd edək ki, Merkis klub karyerası ərzində yalnız “Apollon” və APOEL-in formasını geyinib.