Milliləşən braziliyalı futbolçulardan ibarət rəmzi komanda açıqlanıb.
Apasport.az saytının məlumatına görə, komandaya başqa ölkələrin yığmalarında oynayan 11 “sambaçı” daxil edilib.
Heyətdə yalnız 4 millinin üzvləri yer alıb. İtaliyadan 4, İspaniyadan 3, Portuqaliya və Rusiyanın hərəsindən 2 braziliyalı “11-liy”ə layiq görülüb.
İtaliya millisindən müdafiəçilər Rafael Toloy, Emerson, yarımmüdafiəçilər Jorjinyo və Tyaqo Motta rəmzi komandaya düşüb. İspaniyanı “11-lik”də yarımmüdafiəçi Tyaqo Alkantara və hücumçular Rodriqo ilə Dieqo Kosta təmsil edir.
Rusiya yığmasından qapıçı Gilyerme və müdafiəçi Mario Fernandes də heyətdədir. Müdafiəçi Pepe və yarımmüdafiəçi Dekunu isə Portuqaliya milliləşdirib.
Qeyd edək ki, AFFA da Azərbaycan yığması üçün kifayət qədər braziliyalı milliləşdirib. Lakin Riçard Almeyda, Fabio Luis Ramim, Markus Ferreyra, Ernani Pereyra kimi oyunçular rəmzi “11-liy”i xəyalına belə gətirə biləcək ustalığa malik deyil.