Millimiz tarix yazacaq – az qaldı
04.03.2020 - 13:30
Millimiz tarix yazacaq – az qaldı

Futbol üzrə Azərbaycan millisi yarandığı gündən nəticələri ilə azarkeşlərini sevindirə bilməsə də, dəfələrlə “tarixi” göstəricilərə imza atıb.

Apasport.az saytının məlumatına görə, 28 ildə aktivinə ancaq təsadüfi, sensasiyalı nəticələr yazdıran yığma növbəti qeyri-adiliyə doğru gedir.

İndiyədək Oserdə Fransadan 10 qol buraxmaqla, Vadutsa Lixtenşteynə 1:2 hesabı ilə uduzmaqla və bu tip nəticələrlə rəqiblərin tarixinə düşən yığmamız dünya futbolunda görünməmiş hadisənin də səbəbkarı ola bilər. Əcnəbi futbolçuların və başqa ölkələrdə yaşayan azərbaycanlıların ildən-ilə çoxluq təşkil etdiyi yığmamız yeniliklə tarixə düşmək üzrədir.

Dünyanın əksər ölkələrində özəyini yerli futbolçuların təşkil etdiyi yığmanın “yaralı” mövqelərinə 1-2 legioner milliləşdirilir. Bizdə isə xaricdən gələnlərin yanında “tumluq” 1-2 yerli futbolçu qalıb.

Lakin bu gedişlə o da olmayacaq. Çünki Azərbaycan futboluna heç bir aidiyyatı olmayan, başqa ölkələrin yetişdirdiyi, lakin onların millisi üçün lazımsız hesab edilənlər tam “11-lik” qurmağa yaxın vəziyyətdədir.

Bu il, bəlkə də elə martda keçiriləcək yoxlama matçlarında Azərbaycan futboluna yad olan 11 futbolçunu heyətdə görünsə, təəccüblü olmayacaq. Söhbət həm azərbaycanlı, həm də digər millətləri təmsil edən, başqa ölkə vətəndaşlarından ibarət yığmadan gedir.

Şahruddin Məhəmmədəliyev
Yığmalarımızda xarici ölkələrdən futbolçuların peyda olması hələ ötən əsrin 90-cı illərindən başlayıb. Bu müddətdə demək olar ki, bütün mövqelər üçün legioner gətirilib. Yerlilərin ən çox güvənildiyi mövqelərdən biri, bəlkə də birincisi qapıdır. İndiyədək yalnız Andrey Popoviçlə Kazimir Qudiyev müstəqillik illərində milliləşdirilib. Onların heç biri də əsas qapıçıya çevrilə bilməyib. Lakin son turlar “Qarabağ”da əsas heyətdə möhkəmlənən Şahruddin Məhəmmədəliyev millidə debüt etməsi çox realdır. Çünki yığmanın digər üzvlərindən Emil Balayev xaricdə özünə komanda tapmadığı üçün “Zirə”yə gəldiyindən oyun praktikası yoxdur. Səlahət Ağayev isə “Neftçi”də heyətə düşmür. Millidə “1 nömrə” olmağa əsas namizəd olan Məhəmmədəliyev kimi digər iddiaçı Mehdi Cənnətov da Rusiya futbolunun yetirməsidir.

Axtarışlar davam edir
Yerli futbolçular digər mövqelərlə müqayisədə hələlik ən çox müdafiə xəttində yer almağa ümid edə bilər. Çünki burda oynamaq üçün 3 xaricdən gəlmə futbolçu var. Bunlar Bədavi Hüseynov, Anton Krivotsyuk və Pavel Paşayevdir. Onlarla birlikdə oynayacaq 4-cü müdafiəçinin yerli olmaq ehtimalı böyükdür. Amma daim Azərbaycanda deyil, xaricdə futbolçu axtaran AFFA-nın seleksiyaçıları daha bir əcnəbi müdafiəçi də tapa bilərlər. Hərçənd əvvəllər milliləşdirilənlər arasında bu mövqeyə uyğun gələnlərdən də hansısa namizədin peyda olması istisna edilmir.

Gəlmələr arasında rəqabət
Sezar Meza Kolllinin milliləşməsi ilə Azərbaycan yığmasının yarımmüdafiəsində yerli futbolçulara işıq ucu da qalmayacaq. Gəlmə oyunçular arasında Riçard Almeyda, Eddi İsraflov, Dmitri Nazarov və Rusiya azərbaycanlısı Emin Mahmudov da var. Başqa ölkələrin yetişdirdiyi soydaşlarımızdan Rəşad Eyyubov, Əli Babayev də bu rəqabəti gücləndirə bilər. Aleksey İsayevin də milliyə yenidən çağırılması mümkündür. Bir sözlə, yeni baş məşqçinin yarımmüdafiədə ölkədə yetişən futbolçuya şans verməsi real görünmür.

Kənarda kim qalacaq?
Eyni sözləri hücum barədə də demək olar. Azərbaycan futboluna bağlılığı olmayan azərbaycanlılar ön xətdə hegemonluq edir. Rüfət və Renat Dadaşovlar Almaniyadan, Ramil Şeydayev isə Rusiyadan tapılan istedadlı soydaşlarımızdır. Lakin ölkəmizdə AFFA-nın, klubların yetişdirdiyi oyunçuların heyətdə yer alması çətin, amma mümkündür. 

Belə görünür ki, martın 26-da Lixtenşteyn, 30-da Malta ilə keçiriləcək yoxlama oyunlarında milliləşənlər və gəlmələr çoxluq təşkil edəcək. Amma “11-liy”in də yadlardan təşkili istisna deyil. Bu heyəti çox güman ki, Millətlər Liqasında Monteneqro, Kipr və Lüksemburqla oyunlarda da meydanda görəcəyimizi proqnoz etmək olar.