Millinin futzalçısı: "Heç kimin üzünə baxmaq olmurdu" - MÜSAHİBƏ
31.01.2020 - 00:11
Millinin futzalçısı: "Heç kimin üzünə baxmaq olmurdu" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının futzalçısı İsa Atayev federasiyanın saytına müsahibə verib.

Apasport.az xəbər verir ki, o, DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində Rusiya üzərində 4:3 hesablı qələbəni şərh edib, mərhələ adlamaq şanslarından danışıb.

- Vacib qələbəni necə şərh edərdiz?
- Çox çətin oyun oldu. Açığı, bu dərəcədə olacağını gözləmirdik. Bu gün idman xoşbəxtliyi tərəfimizdə oldu. Oyun ərzində rəqibin də şansları var idi. Bu dəfə elə alındı ki, biz şanslarımızdan istifadə etdik. Futzalda udmaq kimi, uduzmaq da var. Xorvatiya ilə görüşdə uduzduqdan sonra uşaqlar ruhdan düşmüşdülər. Heç kimin üzünə baxmaq olmurdu.

- Demək olarmı, Xorvatiyaya məğlubiyyət bugünkü qələbənin təməlini qoydu?
- Bu cür də əlaqələndirmək olar. Bəlkə də bir gün öncə qələbə qazansaydıq, ikinci matçımızda bunu bacarmayacaqdıq. Yenə deyirəm, hər oyunun öz xarakteristikası, gedişi olur. İran kimi güclü komanda ilə heç-heçə edib, Türkiyə kimi elit kateqoriyaya aid olmayan milliyə uduza bilərsən.

- Zərbələriniz öldürücü olur. Dünənki zərbəniz dirəyə tuş gəldi. Bu gün zərbədən əvvəl toru silkələyəcəyini düşünürdüzmü?
- Hiss edirdim ki, zərbəm hədəfə düşəcək. Xorvatlarla matçda 10-12 metrdən zərbə endirmişdim. Bu dəfə məsafə daha az idi – təxminən 6-7 metr. Demək olar, oyunun taleyini dəyişən qol oldu.

- İndiyə qədər Rusiya millisini məğlub edə bilməmişdik. Oyundan əvvəl statistika sizi qorxudurdumu?
- Oyundan əvvəl federasiyanın prezidenti Zaur Axundov da bunu bizə xatırlatdi. 2012-ci ildə keçirilən DÇ-nin pley-off oyununda 2:2 hesablı heç-heçə etmişdik. Qalan qarşılaşmaların hamısında uduzmuşduq. Statistika tarixdir, amma futzal yerində saymır. Hər keçən gün komandalar dəyişir. Xorvatiya yığmasından bu cür oyun gözləmirdik. Yaxşı mənada bizi təəccübləndirdilər.

- Qrupda son sınaq Slovakiyaya qarşı olacaq. Bu duel haqda nə düşünürsüz?
- Ancaq qələbə qazanmalıyıq. Çünki qrupdakı vəziyyət fevralın 1-də oyunlardan sonra müəyyənləşəcək. Biz də ilk növbədə üzərimizə düşəni etməliyik, sonra Xorvatiya – Rusiya matçını gözləməliyik.