Malta toplanışı ləğv edilən Azərbaycan millisi bu ay, ümumiyyətlə, hazırlıq keçməyəcək.
Bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.
Assosiasiya rəsmisi bildirib ki, koronavirus səbəbindən hazırlığı ləğv olunan yığma Bakıda da bir araya gəlməyəcək: “Malta toplanışı ləğv edilirsə, burada toplaşmağın bir mənası yoxdur. Çünki məlum xəstəlik bir nəfərdə olarsa, onun digərlərinə keçmə riski Maltada da, Bakıda da eynidir”.
Bu qərar futbolçulara 12 günlük istirahət imkanı yaradacaq. Belədə Premyer Liqa təqvimində dəyişikliyi - hansısa turun martın 28-29-na keçirilməsi ehtimalını gündəmə gətirir. Lakin Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev hələlik belə bir planlarının olmadığını söyləyib: “Çempionat oyunları öncədən nəzərdə tutulan vaxtda keçiriləcək. Hələlik təqvimdə hansısa dəyişiklik yoxdur və bu barədə müzakirə aparılmayıb”.
Qeyd edək ki, Premyer Liqada XXII turun oyunları 21-22 mart, XXIII turun matçları isə 4-5 aprel tarixlərində baş tutacaq.