Misir millisi dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələsinin III raundunda uduzduğu Seneqalla oyunun təkrar keçirilməsini istəyib.
Apasport.az saytının məlumatına görə, bunu Misir Futbol Assosiasiyasının prezidenti Camal Allam açıqlayıb.
O bildirib ki, Seneqalla cavab qarşılaşmasında rəqib azarkeşlər misirli futbolçulara şüşə və daş atıb, həmçinin avtobusa hücum çəkiblər. Allam bu gün keçirilən FIFA Konqresindən sonra ali futbol qurumunun prezidenti Canni İnfantino ilə görüşmək istədiyini də söyləyib: “İnfantino ilə görüş istədik. Hadisə ilə bağlı İntizam Komitəsinə məlumat verəcəyik və cavab gözləyəcəyik. Oyunda başımıza çox şey gəldi. Futbolçularımız hücuma məruz qaldı və bütün bunlar şikayətimizdə qeyd olunub. Qarşılaşma qəribə ab-havada keçirildiyi üçün onun təkrarlanmasını istədik. Normal şəraitdə uduzsaydıq, Seneqalı təbrik edərdik və bitərdi”.
Qeyd edək ki, Misir penaltilər seriyası ilə Seneqala məğlub olaraq dünya çempionatından kənarda qalıb.