Mənasız 10 tur və ya bəhanələrə yer olmayacaq
09.03.2022 - 10:51
Mənasız 10 tur və ya bəhanələrə yer olmayacaq

Premyer Liqamızda son illərin ən rəqabətsiz mövsümünü yaşayırıq.

Apasport.az saytının məlumatına görə, finişə hələ 10 tur qalsa da, demək olar ki, hər şey bəllidir.

Çempion da, Konfrans Liqasına gedəcək 3 komanda da məlumdur. Yalnız “Sabah” gözləntiləri poza bilər. Amma onların da işi Allaha qalıb. Murad Musayevin komandası indi möcüzə edəcək vəziyyətdə də deyil. Hətta buna heç özləri də inanmırlar.

“Qarabağ”ın çempionluğu indi yox, mövsümün əvvəlindən bəlli idi. “Zirə”, “Qəbələ” və “Neftçi”nin isə avrokuboklarda iştirakına çox az adam şübhə edə bilər. Ölkə kubokunda bu 4 komandanın yarımfinalda olması digərlərinin oradan nəsə etmək ümidinin də üstündən xətt çəkir.

Bu saatdan sonra çempionatda 2-4-cü yerlər arasında hansını tutmağın heç bir önəmi yoxdur. Çünki yekunda hamısı Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaqlar. Bir sözlə, mövsümü davam etdirməyin heç bir mənası yoxdur desək, yanılmarıq. 

Turnir cədvəlinin ilk 4 pilləsindəki komandalar gələn mövsümün planlarını indidən cızsalar, özləri üçün daha xeyirli iş görmüş olarlar. Axı bəzi klublarımız öyrəşiblər ki, mövsüm bitsin, avrokuboklara bir həftə qalmış kimisə almaq yada düşsün. Uğursuz olan kimi də “heyəti hələ formalaşdıra bilmədik” bəhanəsini gətirmək vəziyyətdən çıxmağın ən asan yoludur.

İndiki durum “Qarabağ”, “Zirə”, “Neftçi” və “Qəbələ” üçün fürsətdir. Kimin hansı mövqedə problemi varsa, ora oyunçu axtarışını indidən etsin, danışığa başlasın, hətta bacarırsa anlaşsın. Əslində bunlar peşəkar klubun görməli olduğu proseslərdir. Avropanın əsl peşəkar klubları kimi.

Baş məşqçilərimiz “filan futbolçular Azərbaycana gəlmək istəmir” fikrini son zamanlar çox sevirlər. Həmin “filan futbolçuları” indidən öyrənib siyahıdan çıxarmaq lazımdır ki, yayda onlara görə vaxt itirməyəsən. Yəni Avropaya “salam-sağ ol” elədikdən sonra heç kim bu bəhanə ilə mətbuat önünə çıxmasın.

Sonrakı peşmanlıq fayda verməz. Hərçənd sonradan peşman olan varsa...