Azərbaycan bir çox ölkələrdən nümunə götürərək çempionatını dayandırdı. Təəssüf ki, bir çoxları hələ də yoluxma riskinin dərəcəsini və artıq bir sıra ölkələrin yaşadığı fəsadları başa düşmürlər. Bu materialda yaranan vakuumun mümkün davamını anlamağa çalışacağıq.
Ölkədə bütün idman obyektləri bağlanıb. Karantin 14 aprelə qədər davam edəcək. Başqa sözlə, komandaların məşqə buraxılmaması təbii fəsadlara səbəb olacaq. Əvvəla, futbolçular formasını itirəcək - həm funksional, həm psixoloji, həm də oyun praktikası baxımından. Başqa sözlə, Peşəkar Futbol Liqası (PFL) çempionatın bərpa olunacağını elan etsə də, heç bir klub mübarizəni davam etdirməyə hazır olmayacaq. Yay və qış təlim-məşq toplanışlarını xatırlayın. İkihəftəlik tətildən sonra komandaların vəziyyətlərini bərpa etmək üçün demək olar ki, 2 ay vaxt tələb olunur.
Onsuz da iyul ayında yeni avrokubok mövsümü başlamalıdır. Azərbaycan, bütün digər Avropa ölkələri kimi, qitəmiqyaslı turnirlərdə iştirakçılarını elan etməlidir. Bu mövsüm yerli futbol azarkeşlərini qarşıda 37 oyun gözləyir - çempionatda 32, ölkə kubokunda isə 5. Bu görüşlər üçün 11 oyun günü lazımdır - çempionatda 8, ölkə kubokunda 3.
Belə görünür ki, çempionatın aprelin sonunda, turları 5 gündən bir davam etdirsək, iyunun sonuna mövsümü başa vurmaq mümkündü. Sadəcə, Azərbaycanda orta temperatur bu addımın atılmasına imkan verməyəcək. Həm də futbolçularımız bu qədər sərt bir cədvələ öyrəşməyiblər, bu da mütləq kütləvi zədələrə səbəb olacaq. Başqa sözlə, bu versiya da real deyil.
Bununla yanaşı, birbaşa Azərbaycan klublarına təsir edəcək daha bir məqam var. Aprelin 23-də Ramazan ayı girir. Heç kimə sirr deyil ki, azərbaycanlı futbolçuların əksəriyyəti oruc tuturlar. Belə istidə və bu qədər matç intervalıyla oruc tutanların səhhətində ciddi problemlər yaşana bilər.
Bu istisna üsulu ilə ən gözlənilən nəticəyə gələ bilərik. Cari mövsüm dayandırılacaq və turnir cədvəlindəki komandalar 20 turdan sonra olduğu yerlərdə qalacaqlar. Azərbaycan çempionu "Qarabağ", gümüş medalçı "Neftçi", bürünc mükafatçı "Keslə" elan ediləcək. Ölkə kubokunun qalibi müəyyənləşməyəcək və buna görə "Neftçi" və "Keslə" ilə yanaşı, Avropa Liqasında ölkəmizi indi 4-cü yerdə olan "Sumqayıt" təmsil edəcək.
Yəqin ki, indiki məqamda kiməsə belə bir proqnoz həddən artıq cəsarətli görünəcək. Belə bir qərarın veriləcəyini iddia etmirik. Ancaq bütün yollar 2019/20 mövsümünün bərpa olunmayacağına aparır (sport24.az).