“Parlaq oyun alındı. Emosiyalar çox idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı mütəxəssis Premyer Liqanın XXII turunun “Zirə” ilə matçı barədə fikirlərini mətbuat konfransında açıqlayıb: “Komandalardan heç biri rəqibinə bir metr də güzəştə getmək istəmirdi. Bu gün biz komanda olduğumuzu göstərdik. Bərabər, çətin oyunda əlimizdən gələni edib imkanlardan yararlandıq və azarkeşlərimizi qələbə ilə sevindirə bildik”.
- Avrokubok perspektivini real sayırsız?
- İndi bunu dəyərləndirmək istəmirəm. Önəmlisi odur ki, indi hər qarşılaşmaya final kimi yanaşırıq. Xalları mayın 21-də sayacam. İndi isə öz məşqlərimizə köklənməliyik. Məqsədimiz hər gün daha yaxşı olmaqdır. Başqa heç bir haqda fikirləşmirik.
- “Neftçi” ilə ağır matç öncəsi futbolçularda gərginliyi necə aradan qaldıracaqsız?
- Əlbəttə ki, çətin oyun olacaq. Maraqlı matç olacağını gözləyirəm. “Neftçi” ilə qarşılaşmalar xoşuma gəlir. Oyunlar nə qədər çətin olsa, matç bir o qədər maraqlı keçir.
- Son üç görüşdə gənc qapıçı Yusif İmanova şans verirsiz. Onun oyununu necə dəyərləndirirsiz? Qarşıdakı matçlarda rəqibə görə qapıçını dəyişəcəksiz, yoxsa...
- Yusif öz şansından yaxşı istifadə etdi. Növbəti oyunlar barədə nə isə demək çətindir. Fikrimcə, bu gün optimal “11-liy”imizdir. Səlahət Ağayev də bu durumu başa düşməsi də önəmlidir. O, kapitanlıq funksiyasını yaxşı icra edərək Yusifə kömək edir. Sabah nə olacağını demək çətindir. Qarşıda məşq prosesləri var. Qərarı oyun ərəfəsində verəcəyk.
Qeyd edək ki, “Sabah” ev qarşılaşmasında 3:1 hesablı qələbə qazanıb.