“Neftçi”nin transfer gündəmində olan Dmitri Nazarov klubu “Aue”dən ayrılmağa hazırılaşır.
Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın III Bundesliqaya düşmək üzrə olmasıdır.
Almaniya təmsilçisi II Bundesliqada qalmasa, bir neçə aparıcı oyunçu ilə yollar ayrılacaq ki, onlardan biri də Azərbaycan millisinin yarımmüdafiəçisidir. “Aue”nin prezidenti Helge Leonhardt da yerli mətbuata açıqlamasında bunu təkzib etməyib.
Üç illik fasilədən sonra yenidən Azərbaycan millisinə çağırılan 31 yaşlı Nazarovun gələn mövsümdən ölkəmizdə çıxış etmək ehtimalı yüksəkdir. Çünki “Neftçi” onun xidmətində çoxdandır maraqlıdır. Tezliklə tərəflər arasında danışıqların olması gözlənilir. Orta sahə oyunçusunun “Aue” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir. Ancaq komanda iştirak etdiyi liqanı tərk etsə, oyunçu azad agent statusu ala bilər.
Qeyd edək ki, “Aue” hazırda II Bundesliqada 18 komanda arasında 17-ci pillədə qərarlaşır.