Rusiya Premyer Liqasının hesabat turunda “Zenit” “Ural” üzərində 7:1 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada qonaqların qapısına 3 qol vuran Sərdar Azmun ölkə çempionatlarının ən yaxşı bombardirləri siyahısında irəliləyişə nail olub.
İranlı hücumçunun Premyer Liqadakı ilk het-triki ilə belə irəliləyişə imza atması, Azərbaycan millisinin sabiq forvardı Nazim Süleymanova da təsirsiz ötüşməyib. “Rubin”də 14, “Rostov” və “Zenit”in hərəsində 19 dəfə qol sevinci yaşayan asiyalı ümumilikdə 162 matçda 52 dəfə fərqlənib.
Sərdar “Ural”a vurduğu ilk qolla həm yubiley – 50-ci topuna imza atıb, həm də Süleymanova çatıb. Sonrakı qollarla bu həmyerlimizi keçən iranlı Rusiya çempionatları tarixinin bombardirləri siyahısında 44-cü yerə yüksəlib. 1992-98-ci illərdə 150 oyunda 50 qol vuran Süleymanov isə 48-ci pilləyə enib.
Həmyerlimiz həm də ən məhsuldar legionerlər siyahısında Azmundan geri düşüb. O, bu cədvəldə 10-cu yerdədir.
Qeyd edək ki, bombardirlər siyahısında 143 qolla Oleq Veretennikov, legionerlər arasında 85 qolla Vaqner Lav liderdir.