Azərbaycan millisinin sabiq hücumçusu, “Neftçi" və “Qarabağ”da həm futbolçu kimi oynamış, həm də məşqçilik etmiş Nazim Əliyevin apasport.az saytına müsahibəsi
- Çoxdandır ki, əsas komandalarda işləmirsiniz. Necə düşünürsünüz, nəyə görə klublar sizə baş məşqçi kimi işləmək təklifi göndərmir?
- Üç il işsiz qaldım. Daha sonra, “Səbail” rəhbərliyi dəvət elədi, U-16 komandasına baş məşqçi təyin edildim. Sonradan baxdım ki, cavan məşqçilər çoxdur və onlara yol verməyin daha doğru olacağını düşündüm. Rəhbərliklə də məsləhətləşdik ki, uşaq komandalarımızın seleksiyaçısı kimi işləsəm daha yaxşıdır. Hərənin bir dövrü var, futbolda da belədir. Hərə öz dövrünü yaşayır.
- Azərbaycan çempionatını yəqin ki, izləyirsiniz. Sizin üçün ölkə çempionatı maraqlı gəlir, yoxsa maraqsızdır?
- Çempionatda komandaların sayı azdır. Üstəlik, komandalar bir-birilə çox görüşəndə, bir az maraqsız olur. Çempionatda komandaların sayı artdıqca rəqabət də güclənəcək. Qarşıdakı mövsümdən komandaların sayını yəqin ki, artırarlar. Çünki Gəncədə də böyük işlər görülür. Fikir verirsiz, “Qarabağ” zəif komandalarla oyunlarda da xal itirir. Çünki hər oyuna motivasiya başqa cürdür. Təbii ki, zəif komanda da öz gücünü göstərəndə, hər şey bərabərləşir.
- “Qarabağ” altı mövsümdür ki, ölkə çempionudur. Sizcə, başqa klublar niyə onlarla mübarizə apara bilmir?
- “Qarabağ” oturuşmuş komandadır. Komandada ildə cəmi 3-4 futbolçu dəyişir. Rəhbərlik eynidir, baş məşqçiyə etimadları böyükdür. Digər klublarda 6 ay bir məşqçi işləyir, 4 ay digəri. Qurban Qurbanov da komandaya yeni gələn kimi nəticə vermədi. Zamanla sistemi oturtdu və uğur qazanmağa başladı. Yəni bugünki futbol onu göstərir ki, baş məşqçiyə etimad göstərən klub irəli gedir. Xaricdə də eynidir. Etimad böyük olanda uğur olur. Komandaların büdcələri də fərqlidir. “Qarabağ” Çempionlar Liqası, Avropa Liqasının qrup mərhələlərində oynayır, imkanları düzəlib. Bəzi klublar isə aşağı büdcə ilə mübarizə aparırlar.
- “Qarabağ”la yanaşı, “Neftçi”də də həm futbolçu, həm də məşqçi kimi çalışmısınız. Bakı komandasında Füzuli Məmmədov baş məşqçi təyin edildi. Necə fikirləşirsiniz, o, “Neftçi” üçün nə edə bilər?
- “Keşlə” ilə oyunda “Neftçi”də baş məşqçi işi göründü. Çempionatımızın oyunlarına baxıram. Hansı sürətli, maraqlı oldusa, həmin oyunu sona kimi izləyirəm. “Neftçi”nin qarşılaşmasına sona kimi baxdım. Həm nizam-intizam, həm oyun planında dəyişiklik gördüm. Futbolçular top saxlayırdı, pressinq edirdi, hücuma sürətlə çıxırdılar, “Neftçi” kollektiv şəkildə oynayırdı. Əgər Füzuli Məmmədov bunu saxlayıb, bir az artıra bilsə nəticə verəcək. Yəni komanda ikinci yeri tuta bilər. Məncə, birinci yer çox çətindir.
- Milli komandaya namizədlər arasında daha çox xaricilərin adları hallanır. Sizcə, yığmamıza kim kömək edə bilər?
- Mən vətənpərvər adamam, milli duyğularım var. Azərbaycan çempionatının adicə nəticələrinə baxın, hər komanda çempionluğu azərbaycanlı mütəxəssislə qazanıb. Elə yığmalara da ən yaxşı nəticələri bizimkilər qazandırıb. Ola bilər xaricilər çox işləyib. Xarici məşqçi millimizə gəlsə də, bugünki material, əlimizdə olanlar budur. Yeni gələcək əcnəbi nəyisə cüzi dəyişə bilər. “PRO” kateqoriyalı məşqçilərimiz çoxdur, dünyada hansı futbol gedirsə öz çalışdırıcılarımız da onu bilir. Yəni hansısa məşqçi gəlib bizimkiləri öyrədəsi halda da deyil. Ola bilər ki, uşaq futbolunda çatışmazlıqlar var, onlarla bağlı nəsə deyərlər. Amma böyük futbolda məşqçilərimiz var və savadda da xaricilərə uduzmurlar. Yəni, yerlilərə etimad olunsa, məncə daha yaxşı olar. Xarici məşqçiləri də gətirmək çətindir. Onlar da bilir ki, bizim oyunçularla nəticə vermək çətindir.
- AFFA “Keşlə”nin paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kollini milliləşdirir. O, Azərbaycan yığmasına xeyir verə biləcək gücdədir?
- Ondan əvvəl Riçard Almeyda da milliləşdirilmişdi. Əslində orta sahədə oynayan yerlilərimiz var, sadəcə çoxu yaşlıdır, cavanlar isə azdır. Sezar Meza Kollinin mövqeyində oynaya biləcək yerli futbolçular azdır. Mənə görə, o, legioner kimi yaxşıdır. Amma Azərbaycan yığmasında oynamağına gəlincə, istəməzdim ki, millimizdə legioner oynasın. Öz futbolçularımız çıxış etsə yaxşıdır. Sezarla da uduzacağıqsa, fərqi nədir ki? Elə özümüzünkü ilə məğlub olaq, təcrübə toplasınlar. Nə deyim, bəlkə də Sezarın böyük köməkliyi dəydi.
- Milli komandanın əsas hücumçusu Ramil Şeydayev Azərbaycana qayıtmasına, “Sabah”a keçidinə necə şərh verərsiz?
- Ramil öz istəyilə geri qayıtmayıb, komanda tapa bilmədiyindən bura gəlib. Azərbaycan çempionatında səviyyə o qədər də yüksək deyil. O, xaricdə oynasa, millimizə daha çox köməklik göstərə bilər. Nə etmək olar, bizimkilərin də taleyi də belədir də. Vaxtilə məni də xarici klublar istəyirdi, amma getmədim.
- Hansı klublardan söhbət gedir?
- 1992-ci ildə “Maşinsazi”, 1993-cü ildə Tel-Əviv “Hapoel” istədi, getmədim. Çünki orada qala bilməzdim, uşaqlarım yeni dünyaya gəlmişdi. Əslində yenə də peşman deyiləm. Qismətdir. Getməmişəmsə, deməli düz etmişəm.
- Sizcə, nəyə görə futbolçularımız xaricə yollanmaq istəmirlər?
- Özümdən deyim ki, subay olsaydım, 100 faiz gedəcəkdim. Sadəcə ailəli olanda, uşaq olanda çətindir. Xaricə çıxanda dil də bilmək lazımdır. Amma indiki cavan futbolçuların çoxu subaydır, gedə bilərlər. Azərbaycanda yaxşı menecerlər də var. Cavan uşaqları federasiya xarici klublara göndərir. AFFA-nın gücü buna çatır. Amma futbolçuların xaricə çıxması menecerlərdən asılıdır. Onlar menecerlərlə iş görməlidir. Futbolçular da öz üzərində işləməlidir. Cavan, sürətli oyunçularımız da var. Onlar pula yox, yalnız oynamaq xətrinə xaricə gedə bilərlər.
- İnanırsınız ki, hansısa gənc futbolçu pula, yox oynamaq xatirinə xaricə yollanar? Sanki futbolçular daha çox pula qaçır...
- Bədbəxtçiliyimiz ondadır. Əvvəlki dönəmdə maaş o qədər də yox idi, yalnız azarkeşin sənə olan hörməti bəs idi. İndiki zamanda pul da lazımlıdır.
- 1992/1993 mövsümündə “Xəzər Sumqayıt”ın heyətində 39 qolla bir mövsümdə ən çox qol vuraraq bombardir olmuşdunuz. Hələ də bu rekordu yenilən olmayıb. Sizcə, kimsə, bunu bacaracaq?
- Çempionatda komandaların sayı azdır. Rekordu vurmaq üçün hücumçularımızda yaxşı hissiyyat olmalıdır. Cərimə meydançasının içində oynaya bilən hücumçular olmalıdır. O, topun hara gedəcəyini təxmin etməlidir. Əslində çətin işlərdir. O da bir qismət idi. Hələ ki, rekordumu vuran olmayıb. Nə qədər ki, sağam rekordu vura bilməyəcəklər, bəlkə ölüb gedəndən sonra qırdılar (gülür). Amma doğurdan da bunu görmək istəyərdim.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt