"Neftçi"nin futbolçusu Saman Nərimancahanın apasport.az saytına müsahibəsi
- "Neftçi" Premyer Liqanın XIX turunun "Səbail"lə oyununda qələbəyə yaxın olsa da, sonda üç xalı əldən verdi. Bu matçda qələbə qazana bilməməyinizi nə ilə əlaqələndirirsiniz?
- "Səbail"ə qarşı çox yaxşı oynadıq. Üstünlük tərəfimizdə idi. Sadəcə oyuna artırma dəqiqələrdə komandada konsentrasiya pozuldu. Hamımız buna görə narahatıq. "Səbail" vurduğu qola qədər qapımız qarşısında qol epizodu da yarada bilməmişdi. Futbolda konsentrasiya pozuldusa yaxşı oynayıb qələbəyə yaxın olduğun qarşılaşmanı bərabərliklə başa vurursan. Gərək əlavə dəqiqələrdə də yaxşı oynayaq.
- Yəni məğlubiyyəti rəqibin təsadüf qolu ilə bağlayırsız?
- "Səbail" qol epizodu yarada bilmirdi. Sadəcə futbolun yazılmamış qanunudur, sən qol vurmasan, sənə vuracaqlar. Halbuki biz yaxşı futbol oynamışdıq. Son dəqiqələrdə qol buraxdığımıza görə narahatıq. Bu bizim üçün təcrübə olacaq. Qarşıdakı oyunlarda konsentrasiyamızı hakimin final fitinə qədər saxlamağa çalışacağıq.
- "Qarabağ" xal itirdikdən sonra "Neftçi" onlarla xal fərqini azaltmaq əla fürsətindən istifadə edə bilmədi. Bu mənada "Səbail"ə qalib gələ bilməməyinizi sizin üçün ikiqat zərbə saymaq olar?
- Bəli, biz də bunu bilirdik. "Səbail"lə oyunda üç xala oynayırdıq ki, "Qarabağ"la xal fərqini altıya endirək. Amma qismət belə imiş. "Qarabağ" yenə xal itirəcək, niyə də olmasın? Biz də öz növbəmizdə qarşıdakı oyunlarda daha pozitiv və daha konsentrasiyalı mübarizə aparıb qələbə qazanmağa çalışacağıq.
- Növbəti turda qışdan sonra uğurlu çıxış edən "Sabah"la qarşılaşacaqsınız. Onları evdə məğlub etmək çətin olmayacaq?
- Oyunların hamısı çətin keçir. "Neftçi"yə qarşı bütün komandalar yaxşı və aqressiv oynayırlar. Amma biz görüşdə həm qol epizodları, həm də ötürmələrin çoxu sarıdan üstün oluruq. Sadəcə gərək matçların hamısına yaxşı köklənək və qalib gələk. "Sabah"la görüşdə də 3 xal üçün oynayacağıq.
- "Neftçi"nin çempionluq şanslarını necə dəyərləndirirsiniz? Xal fərqi və rəqibə baxanda, ümidsizlik yaranır, yoxsa hələ də birinci olacağınıza inanırsınız?
- Futbolda öncədən heç nəyi demək olmur. Biz əlimizdən gələni edəcəyik. "Qarabağ" yenə xal itirəcək, bundan əmin olun. Hələ bizimlə də oyunları var. İki matçda büdrəsələr, biz də onları məğlub etsək xal fərqini aradan qaldıra bilərik. Biz "Neftçi" olaraq çempionluğa çalışırıq.
- İranda koronavirus geniş yayılıb. Ailəniz İranda yaşayır, onlarla əlaqə saxlayırsınız?
- Bəli, İranda koronavirus çox yayılıb. Bu məni bir az nigaran edir. Hər gün ailəmlə danışıram. Onlarla danışanda da deyirəm ki, evdən çölə çox çıxmasınlar, özlərini qorusunlar. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
- Bu problem "Neftçi"dəki oyunlarına daha yaxşı konsentrasiya olmağınıza mane olmur?
- Düzünü desəm, vəziyyət belə olanda fikrim orada qalır. Çünki onlar mənim ailəmdir. Atam, anam, qardaşım, həyat yoldaşım, yaxınlarım, əzizlərim... Onlarsız mənim üçün heç nə yoxdur. Vəziyyət belə olsa da, işimə maksimum dərəcədə konsentrasiya olmağa çalışıram. Orada yaranan vəziyyət gərək işimə təsir etməsin. Yaxşı konsentrasiya olub, "Neftçi"yə oyunlarda xeyir vermək üçün çalışıram.