“Arsenal”ın hücumçusu Pyerr-Emerik Obameyanq Qabon yığmasının düşərgəsini tərk edir.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu klubuna qayıdacaq.
Buna səbəb 32 yaşlı forvardın koronavirusa yoluxduqdan sonra ürəyində problem yaranmasıdır. Qabon Futbol Federasiyası futbolçunun kluba qayıtmasına icazə verdiyini təsdiqləyib.
Obameyanqın yanvarın 6-da koronavirus testi pozitiv çıxmışdı. O, Afrika Millətlər Kubokunda qrup mərhələsinin II turunda Qana ilə oyunu (1:1) məhz bu üzdən buraxıb. Futbolçu İngiltərədə əlavə müayinələrdən keçəcək.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanq bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyuna çıxıb, 4 qol vurub.