Öncə “Zirə”
06.04.2022 - 16:54
Öncə “Zirə”

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov 2022/23 mövsümünə başqa klubda başlaya bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb 27 yaşlı futbolçunun əvvəlki formasından uzaq düşməsi və artıq müntəzəm çıxış etməməsidir.

Marko Veşoviç və Maksim Medvedev kimi təcrübəli cinah müdafiəçilərinə malik “Qarabağ”da Toral Bayramov və zədədən qayıtdıqdan sonra diqqətçəkən performans sərgiləyən Elvin Cəfərquliyev kimi gənclər də var. Doğrudur, heyətin geniş olmasını istəyən baş məşqçi Qurban Qurbanov milli üzvünün gedişi barədə hələ düşünmür. Ancaq futbolçunun heyətdəki yerini itirməsi çalışdırıcını bu addıma vadar edə bilər. Üstəlik, yayda ediləcək transferlərdən də çox şey asılıdır.

Hazırda Abbasın xidmətində ən çox maraqlı olan klub “Zirə”dir. Baş məşqçi Rəşad Sadıqov sabiq komanda yoldaşı barədə ağdamlıların verəcəyi qərara uyğun addım atacaq. Əgər “Qarabağ” Hüseynovu oyun praktikasını artırması və əvvəlki formasını bərpa etməsi üçün icarəyə verəsi olsa, o zaman futbolçu ilə əvvəlcə müqavilə müddətini uzadacaq. Bu halda ilk danışıq da yəqin ki, “Zirə” ilə aparılacaq.

Qeyd edək ki, 2017-ci ildən “Qarabağ”ın formasını geyinən Abbas Hüseynovun müqavilə müddəti gələn ilin yayına qədərdir.