Azərbaycan Premyer Liqasında mübarizə qaldığı yerdən davam edir.
Apasport.az saytının məlumatına görə, 54 günlük fasilədən sonra III dövrənin ilk turuna start veriləcək.
Qış təlim-məşq toplanışını komandaların hamısı eyni məkanda - Antalyada keçməsinə baxmayaraq, transfer siyasəti hərədə bir cür yürüdüldü. Görəsən, fasilə klubların həlledici mərhələyə hazırlığı üçün kifayət edibmi? Yaxşısı budur, oyunlara tək-tək nəzər yetirək.
Bənzər toplanış, bənzər transfer siyasəti
2020-ci ilə Zirə İdman Kompleksinin stadionunda start veriləcək. Antalya toplanışına hamıdan tez başlayıb, hamıdan tez də bitirən "Zirə" ilə "Sabah"ın ilk turda üz-üzə gəlmələri hər ikisi üçün şanssızlıqdır. Hazırlıq prosesi kimi, transfer fəaliyyətləri də bənzərdir. Şübhəsiz ki, hələlik bu mənada ən fəal iki komandadır. "Zirə" 5, "Sabah" isə 4 yeni transferlə yadda qaldı. Üstəlik, hər ikisi hücum xəttini xeyli gücləndirdi. Bu mənada "Zirə"nin çıxışı daha böyük maraqla gözlənilir. Çünki Riçard Qadze - Ağabala Ramazanov - Davit Volkov "trio"su rəqiblər üçün həyəcan təbili deməkdir. "Sabah"da isə geri qaytarılan veteran Marko Deviç və bir neçə gün əvvəl "Zirə"yə lazım olmadığı üçün heyətə cəlb olunan Xulio Sezar Rodriges amilini vurğulamaq olar. Xüsusən də, ikinci sabiq klubundan bunun revanşını almağa çalışacaq. Hər iki komandada hücumameyilli heyət formalaşdığından, açılış matçı ilə bağlı gözləntilər böyükdür. Qonaq komanda avrokubok iddialarını davam etdirmək istəyirsə, əsas rəqiblərindən olan "Zirə"ni məğlub etməkdən başqa çarələri yoxdur. Ancaq həm yoxlama görüşlərindəki nəticələrə, həm də heyətlərə nəzər yetirsək, "Zirə"ni bir addım öndə göstərməliyik.
Bordin getdi, dərd bitdi?
Mövsümün ilk yarısının sürpriz komandalarından olan "Sumqayıt"ın əsas üstünlüyü heyəti tamamilə qoruyub saxlamasıdır. Üstəlik, "gənclik şəhəri" təmsilçisi yoxlama görüşlərində də hamıdan yaxşı nəticə göstərdi. Onların sabahkı rəqibləri "Neftçi"də isə vəziyyət heç də ürəkaçan görünmür. Gözlənilmədən Roberto Bordini istefaya göndərən bakılılar boş qalan posta heç kimi gətirmədilər, təcrübəsiz Füzuli Məmmədova güvəndilər. Hər nə qədər yoxlama oyunlarındakı nəticələr önəmli olmasa da, "Neftçi"nin keçirdiyi hər üç matçda məğlubiyyəti gözardı edilməməlidir. "Ağ-qaralar" da transfer dönəmini fəal keçirmədilər, əsas heyəti qoruya bildilər. Təbii ki, heyətin keyfiyyəti baxımından "Neftçi" rəqibindən üstündür. Ancaq "Sumqayıt" ilk yarıdakı performansını və orta sahədəki yüksək tempini bu görüşdə də davam etdirsə, Füzuli Məmmədova uğursuz start acısı yaşada bilər. Bordinlə əksər futbolçuların yola getmədiyini və azarkeşlər tərəfindən italiyalının qəbul edilmədiyini nəzərə alsaq, Məmmədov üçün yeni şans yaranıb. "Flaqman" yenidən azarkeş dəstəyini arxasına alıb "Sumqayıt"la görüşdən etibarən rəqibləri üçün meydançanı "dar" edə bilər. Ancaq Ayxan Abbasovun ağıllı gedişlərinə debütant həmkarının cavab verib-verməməsi həlledici ola bilər.
Güclənmiş və zəifləmiş hücumlar...
Mövsümün ilk iki dövrəsində hamını təəccübləndirən "Keşlə" ən böyük problemi sayılan hücum xəttindəki alternativsizliyi aradan qaldırmağı bacardı. Tərlan Əhmədovun ixtiyarında artıq 3 əcnəbi forvard var. Onları qəbul edəcək "Qəbələ"də isə Davit Volkovun gedişi komandaya qol yollarında ciddi sıxıntı yarada bilər. Bu boşluğu doldurmaq üçün hər hansı addım da atılmadı. "Qırmızı-qaralar" yalnız Abdelrafik Jerarın transferi ilə yarımmüdafiəni gücləndirdilər. Bakılılar "Neftçi"dəki qeyri-müəyyən durumun yəqin ki, fərqindədirlər və əsas rəqibin uğursuz çıxışı onların gümüş medal şansını artıra bilər. Bunun üçün də "Keşlə" səfərdə oynamasına baxmayaraq, autsayderlər zonasında qərarlaşan "Qəbələ" önündə büdrəməməlidir. Bu komandaların oyun üslubunu və baş məşqçilərinin fəlsəfəsini bir-birinə bənzətmək də olar. Hər şeydən öncə həm Tərlan Əhmədov, həm də Elmar Baxşıyev fərdlərlə deyil, kollektiv şəkildə mübarizə ilə qələbənin yollarını axtarır.
Bəxtəvər "Qarabağ"
Təqvim "Qarabağ"ın üzünə gülüb. Çünki fasilədən sonrakı ilk tur autsayder "Səbail"ə qarşı keçiriləcək. Çempionatın liderinin Riçard Almeydasız necə oyun sərgiləyəcəyi maraqla gözlənilir. Ancaq milliləşdirilmiş braziliyalının yoxluğu çətin ki, bu görüşdə hiss olunsun. Əvəzində "Səbail" mövsümün əvvəli ilə müqayisədə daha da zəifləyib. Müdafiədə Elvin Yunuszadə, yarımmüdafiədə Yevgeni Koçuk, hücumda isə Ağabala Ramaznov və Mirabdulla Abbasov artıq yoxdur. Onların əvəzinə alınan Peyman Keşavarz, Rauf Əliyev və Hendrik Ekşteynin boşluğu doldurub-doldurmayacaqlarını zaman göstərəcək. Əliyevlə Ekşteynin fərdi bacarığı, liderlik keyfiyyəti bakılılara müəyyən dərəcədə güc qata bilər. Ancaq müasir futbolda qələbə qazanmaq üçün 2 yox, 11 futbolçunun hamısı yüksək səviyyədə çıxış etməlidir. Hələ rəqib "Qarabağ"dırsa, 100 faizdən də artıq performans sərgiləmək şərtdir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı