Peyman Babayi: “Futbolda belə müqavilələr olur” - MÜSAHİBƏ
24.01.2020 - 09:35
Peyman Babayi: “Futbolda belə müqavilələr olur” - MÜSAHİBƏ

"Sumqayıt"ın forvardı Peyman Babayinin apasport.az saytına müsahibəsi

- Antalyada təlim-məşq toplanışı necə gedir? Ümumi hazırlığı necə dəyərləndirəcəksiniz?
- Artıq bir neçə gündür ki, burdayıq. Çox yaxşı məşqlərimiz oldu. Bundan əlavə, futbolçular arasında səmimiyyət daha yüksək səviyyəyə çatdı və kollektivdə daha isti münasibət var. Zəif nöqtələrimizi gücləndirmək üçün çox məşq etdik. Son yoxlama oyununda da yaxşı çıxış etdik. Toplanış dövründə səhər və axşam məşqə çıxdığın üçün zədəyə meylli olursan. Amma bizdə bu hal müşahidə edilmədi. Düzdür, yorğunluq var, amma zədə olmadı. Buna görə də sevinirik. 

- Komandanı çempionata hazır hesab etmək olar?
- Hələ burdayıq. Deyərdim ki, 90-95 faiz hazırıq. Yəqin ki, 5-6 gün sonra Bakıda olarıq və fasilədən sonrakı ilk oyuna hazırlaşacağıq. 
 
- Üç yoxlama görüşü keçirmisiniz. Sizcə, hansı matçda daha yaxşı oynadınız?
- Toplanışda məşqçilər komandanın zəif nöqtələrini axtarıb tapıblar. Bunun üçün də yoxlama görüşləri əlverişli məqamdır. Sınaq matçında fərq etmir, zəif və ya güclü oynadıq. Etdiyimiz səhvlərimizdən dərs çıxarıb çempionata tam hazır olmaq istəyirik. “Arka” ilə son görüşdə çox yaxşı temp var idi. İkinci yarının da elə ilk oyununa yaxşı başlamaq istəyirik.

- "Sumqayıt"ın yeni transfer etməməsi sizcə, komandanın xeyrinədir, yoxsa mənfi haldır?
- Biz futbolçuların bu haqda danışması düzgün deyil. Yəqin ki, baş məşqçimiz və prezidentimiz oturub analiz ediblər. "Sumqayıt" gənc komandadır. Hamımız çalışırıq və bir-birimizə dəstək oluruq. Yəni "Sumqayıt" 1-2 futbolçudan asılı deyil. Hamılıqla mehribançılıqla yaxşı nəticə göstərib sonluğu yaxşı gətirmək istəyirik. 

- Çempionatda bombardirlər sırasındasınız. Necə düşünürsünüz, mövsümü ilk sırada başa vura biləcəksiz?
- Hələ qarşıda çox oyun var. Vurduğum qollar məni çox sevindirir. Amma bu təkcə mənim zəhmətim yox, bütün komandamızın dəstəyi və əziyyətidir. Qapıçıdan hücumçuya kimi bir komandayıq. Biz komanda üçün çalışırıq, qolu mən vurdum və ya başqası, fərq etmir. Fasilədən sonra da komanda üçün əlimdən gələni edəcəm. Birinci yarıda daha yaxşı çıxış edə bilərdim. Sadəcə ilk 5-6 turda ağrılarım ola-ola oynayırdım. Hər halda, fasilədən sonra komanda üçün ən yaxşısını edəcəm. 

- Çempionatı bombardir başa vurmağınız Azərbaycan millisinə dəvət almağınıza kömək ola bilər? 
- Bombardir olacağımı demək olmaz. Amma bunun üçün çalışacam. Fasilədən sonra komandaya köməyim dəyməsi üçün oynayacam. Qismət, görək. Buradan pul alırıq. Uşaqların dəstəyilə də ən yaxşı oyunumu nümayiş etdirməyə çalışacam. 

- "Maşinsazi" ilə müqaviləniz var və ora qayıtmalısınız. Yenidən ora qayıtmağı, yoxsa "Sumqayıt"da qalmağı planlaşdırırsız?
- Futbolda belə müqavilələr olur. Ora da mənim komandamdır, bura da. Əsas fasilədən sonra yaxşı oynayıb “Sumqayıt”a xeyir verməyimdir. Daha sonra necə olacağını görəcəyik. Hələ ki, "Sumqayıt"dayam və mövsüm sonunda necə olacağını görəcəyik.
 

0
Sumqayıt Peyman Babayi