Pərdis Fərcad-Azad: “Yenidən yığmaya çağırılacağıma çox inanıram” - MÜSAHİBƏ
13.03.2020 - 10:19
Pərdis Fərcad-Azad: “Yenidən yığmaya çağırılacağıma çox inanıram” - MÜSAHİBƏ

Berlin "Viktoriya"sının şərəfini qoruyan Azərbaycan millisinin sabiq futbolçusu Pərdis Fərcad-Azadın apasport.az saytına müsahibəsi

- "Viktoriya"da 14 oyuna 3 qol vurmusuz. Orada işlərinizin yaxşı getdiyini demək olar?
- Əvvəl "Viktoriya"da işlərim daha yaxşı gedirdi. Sadəcə ilin əvvəlində zədələndim. Bir aya yaxın məcburiyyətdən “istirahət” etməli oldum. Hazırda da zədəmi sağaltmaqla məşğulam. Qarşıda vacib oyunlarımız var. Yerli liqada yarımfinala çıxmışıq və finala yüksəlsək komandama kömək edə biləcəm.

- Qış transfer pəncərəsində "Qəbələ"dən təklif alsaz da, Azərbaycana qayıtmadız. Bu nə ilə bağlı idi?
- Bəli, söhbətlər var idi. Amma heç nə konkret deyildi. Üstəlik "Viktoriya" ilə müqaviləm var. Heç burdan da məni buraxmazdılar. 

- Mövsüm başa çatandan sonra necə, Azərbaycana d[nm’yi planlaşdırırsınız?
- Arada düşünürəm. Azərbaycanda çox yaxşı vaxtlarım var idi. Bakı üçün tez-tez darıxıram. Ancaq gərək gələcəyə baxasan. Hazırda "Viktoriya"dayam və burada olmağımdan da razıyam. Ailəmin yanındayam, karyeramı burada davam etdirirəm. Lakin yayda necə olacağını, hadisələrin necə gedəcəyini kimsə bilmir. Azərbaycan Premyer Liqasındakı komandalardan təklif gəlsə, fikirləşəcəm.

- Azərbaycan yığması Millətlər Liqasında Lüksemburq, Monteneqro və Kiprlə eyni qrupa düşüb. Rəqibləri necə dəyərləndirərdiz?
- Münasib rəqiblərdir. Amma istənilən halda, əsas məqsəd qrupdan çıxmaq olmalıdır.

- Azərbaycan millisinin heyətində Portuqaliya, ABŞ millilərilə yanaşı, Lüksemburqa qarşı da oynamısınız. 0:0 hesabı ilə başa çatan matçı necə xatırlayırsınız?
- Əlbəttə ki, bütün oyunları xatırlayıram. Fəxr edirəm ki, Azərbaycan millisində çıxış etmişəm. Yaxşı oyunlar olub. Lüksemburqla görüşdə yaxşı mübarizə aparmışdıq. Qalib də gələ bilərdik, lakin görüş qolsuz heç-heçə bitdi.

- 32 yaşında yenidən Azərbaycan millisinə dəvət oluna biləcəyinizə inanırsınız?
- Qismət olsa, yenidən Azərbaycan millisində oynayaram. Məni yenidən yığmaya dəvət edəcəklərinə çox inanıram. Almaniyada özümü ən yaxşı şəkildə göstərirəm ki, məni yenə yığmaya çağırsınlar. Hələ heç nə bitməyib, yaşım da çox deyil. Fiziki cəhətdən də yaxşı durumdayam, Azərbaycan millisinə xeyir verə bilərəm.

- Bəs Azərbaycan Premyer Liqasını izləyirsizmi? Çempionatda hansı komandanı favorit hesab edirsiniz?
- Əlbəttə ki, Azərbaycan çempionatına indi də baxıram. "Keşlə"yə azarkeşlik edirəm. Oyunlara baxıram, matçlar maraqlı görünür. "Qarabağ"ı çıxmaq şərtilə, liqada hamı bir-birini uda bilər. Məncə, Qurban Qurbanovun komandası yenə çempion olacaq.