Premyer Liqanın ilk medalçısı - “Qarabağ” 
10.04.2022 - 22:23
Premyer Liqanın ilk medalçısı - “Qarabağ” 

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünü medalla başa vuracağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bunu XXII tur matçlarının ardından rəsmiləşdirib.

Günün ilk görüşündə “Sumqayıt” üzərində 3:0 hesablı qələbə qazanaraq avrokuboklara vəsiqəni təmin edən Qurban Qurbanovun yetirmələrinin “Qəbələ”nin büdrəməsi sayəsində mövsümü ilk “üçlük”də bitirəcəyi müəyyənləşib.

Səfərdə “Səbail”ə məğlub olan 4-cü pillədəki “Qəbələ” (0:3) sona 6 tur qalmış lider “Qarabağ”dan 18 xal geri qalır. “Qırmızı-qaralar” bundan sonra ən yaxşı halda mövsümü “Qarabağ”la eyni xalda tamamlaya bilər ki, bu da möcüzə sayəsində baş tuta bilər. Ancaq belədə də şəxsi oyunlarda Elmar Baxşıyevin yetirmələri rəqibindən geri qalır. Yəni “Qəbələ”nin də çempionluq şansı tükənib. Bu komandaların ilk üç mərhələdəki duellərində bir dəfə qolsuz bərabərlik qeydə alınıbsa, ağdamlılar iki dəfə rəqibini məğlub edib (2:0, 5:1).

Bu isə o deməkdir ki, “Qarabağ” mövsümü ən pis halda bürünc medalla tamamlayacaq.