Qəhrəman Əliyev heç kimi tanımır: “Adını çəkirsən, qaşlarını tərpədir”
03.12.2021 - 12:24
Qəhrəman Əliyev heç kimi tanımır: “Adını çəkirsən, qaşlarını tərpədir”

Ötən ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev növbəti dəfə həkim müayinəsindən keçirilib.

Apasport.az saytının məlumatına görə, xəstəlik tapandan sonra beyin insultu keçirmiş tanınmış məşqçinin səhhətində irəliləyiş qeydə alınmayıb.

Onun qardaşı Seyran Əliyevin “sportinfo”ya bildirdiyinə görə, həkimlər gözləməkdən başqa çıxış yolu göstərmir: "O, ev şəraitində müalicə olunur. Orada, elə bilin ki, kiçik palata qurmuşuq. Gündə iki həkim növbə ilə ona qulluq edir. Qəhrəmanın hər iki beyin yarımkürəsinin 70 faizi zədələnib. Yeddi-səkkiz ay əvvəl vəziyyəti necə idi, indi də elə qalıb. Gündə bir neçə saat yanında oluram, inanın, hər dəfə onu görəndə, ürəyim ağrıyır, özümə gəlməyə çətinlik çəkirəm. Bilmirəm bu nə baladır, düşmüşük”.

Əliyevin sözlərinə görə, mütəxəssisi müayinə edən həkim və professorlar onun vəziyyətinə təəccübünü gizlətmirlər: “Deyirlər ki, yalnız hər milyon adamdan biri belə xəstəliklə üzləşə bilər. O da qardaşımın bəxtinə düşüb. Allahdan ümid üzülməz. Hamımız səbirsizliklə oturub gözləyirik ki, komadan ayılsın. Nə qədər belə çəkəcək, nə vaxt ayılacaq, heç kim deyə bilmir. Hər şey Allahın əlindədir. Hərdən görürsən ki, gözlərini açır, o tərəf-bu tərəfə baxır. Adını çəkirsən, qaşlarını tərpədir. Amma heç kimi tanımır, gözlərini məchul bir nöqtəyə dikib qalır. Hərdən də ağrıları o qədər güclü olur ki, iniltisini saxlaya bilmir. Şəkəri və təzyiqi var, bu da əlavə bir problemdir".