“Hamımız bu oyuna ciddi hazırlaşmışıq. Oyundan-oyuna məsuliyyət daha da çoxalır. Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin III turunda sabah Qazaxıstan klubu “Kayrat”ı qəbul edəcək. Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında Qurbanov çətin oyun olacağını söyləyib: “Kayrat” matça çox ciddi yanaşır. Onların “Bazel”lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki matçlardan daha istəkli olmalıyıq. Hər şeyə əl atacağıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm”.
49 yaşlı mütəxəssis Almatı təmsilçisinin fərqli futbol oynadığını söyləyib: “Müdafiə futbolu oynayırlar və əks-hücumlara çıxırlar. Biz topun sürətini artırmalıyıq. Mütləq səbirli olmalıyıq. Hər komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Sonadək hər dəqiqə diqqətli olmalıyıq. Bəzən rəqib də bizim düşünmədiyimizi meydanda edir. Bunlara hazır olmaq lazımdır. Ağıllı müdafiə olunmağı bacarmalıyıq. Oyunun tempini qaldırmağa çalışacağıq".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlayacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər