Qurban Qurbanov: "Onların bizimlə bu adı qazanması çox sevindirdi" - MÜSAHİBƏ
03.05.2022 - 20:58
Qurban Qurbanov: "Onların bizimlə bu adı qazanması çox sevindirdi" - MÜSAHİBƏ

“Futbolçularımı təbrik etmək istəyirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Premyer Liqanın XXV turunun “Sabah”la oyunundan sonra keçirilən mətbuat konfransında 1:1 hesablı heç-heçə və qazanılan çempionluq barədə fikirlərini açıqlayıb: “Mövsüm hələ başa çatmasa da, çox layiqli çempionluq əldə etdilər. Mövsümü necə başladıqsa bu günə eyni tempdə gəlmişik. Bu mövsüm futbolçularımın böyüməsi üçün həm çempionat, həm avrokubok oyunlarının çox köməyi dəydi. Soyunub-geyinmə otağında bəzi oyunçuları ayrıca təbrik etdim. O oyunçuları ki, indiyədək çempion olmamışdılar. Onlara görə şadam. Futbolda, ya digər idman növündə olmasından asılı olmayaraq, hər bir idmançının arzusudur ki, istənilən turnirdə çempion olsun. Futbolçuları təbrik etdim. Onların bizimlə bu adı qazanması çox sevindirdi. Əlbəttə ki, bizim çox möhtəşəm azarkeşlərə təşəkkür edir, onları təbrik edirəm. O cümlədən də rəhbərliyi. Qarşıda hələ çempionat və kubok oyunlarımız var. Son 25 gündə çox ağır oyunlar keçirmişik. 3-4 gündən bir oynadıq. Futbolçuların yorulduğu matçın sonlarında hiss olundu. Bizi yorulmağa məcbur etdilər. Çünki çox yaxşı komandaya qarşı oynadıq. Ümumiyyətlə son matçlarda çox yaxşı oyun göstərirlər. Onlar da çox istəkli idilər. Avrokuboklara düşmək üçün mübarizə aparırlar. Çox dinamik komandaya qarşı oynamalı olduq. Bu gün uğur bizimlə oldu. Baxmayaraq ki, qalib gələ bilmədik. Amma çempionluq əldə etdik. Bir daha bütün “Qarabağ” camiəsini ürəkdən təbrik edirəm”.

- “Qarabağ”ın Çempionlar Liqasında hədəfi nə olacaq?
- İndidən nə isə deyə bilməyəcəyəm. Çünki qarşıda hələ oyunlar var. Amma turnirə daha rahat hazırlaşa biləcəyik. Hər bir halda istənilən halda ən yaxşı nəticə qazanmağa çalışacağıq.

- Komanda artıq çempion olub. Son 4 oyunda komandadan nə gözləmək olar?
- Baxmayaraq ki, bu gün çempion olduq, hər matçda azarkeşlərimiz üçün oynayacağıq. Onları yaxşı oyunla sevindirməyə çalışacağıq ki, stadiona daha çox gəlsinlər. Məğlub da ola bilərik. Hər bir halda heyətdə bəzi dəyişikliklər də ola bilər. Bəzi oyunçulara istirahət verə bilərik. Bu o demək deyil ki, nəticəni düşünmürük.

- Müqaviləsi başa çatan Patrik Andradeni komandada saxlayacaqsız?
- Vəziyyət əvvəlki kimi qalır.

- Bir il əvvəl soyunub-geyinmə otağına girib futbolçulara uduzmağı da bacarmaq lazımdır demişdiz. Bu bir ildə nə dəyişib?
- İstər-istəməz belə fikirlər olur ki, uduzsaq da, heç kim heç nə deməz. Amma dəyişikliklər oldu. Düşünürdüm ki, o istək, o xarakteri komandada saxlamaq lazımdır. Bu məğlubiyyətin faydası oldu ki, arxayınlaşmaq olmaz. Ən çox faydası mənə oldu. Cavabdeh mənəm. Amma buna üzülməmişdim. Baxmayaraq ki, böyük məğlubiyyətdir. Çempionatın ortasında uduzanda unutmaq asan olur. Amma ilboyu əziyyət çəkib mövsümün sonunda uduzmuşduq. Gələn il yenə çempion olmasaq da üzülmərəm. Futbolçularda günah görmürdüm. Onlar da çox məsuliyyətlidir. Yük onların üzərinə düşür. Hansısa oyunda asan qələbə qazanaram deyib arxayınlaşmaq olmaz. 

- Kubokun finalında sabiq yetirməniz Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” ilə qarşılaşacaqsız. Bu sizdə hansı hisslər oyadır?
- Biz qarşı-qarşıya futbol oynayanda da maraqlı, aqressiv alınır. Mənim üçün maraqlı olacaq. Rəşad çox düşünən, ideyaları olan mütəxəssisdir. Onun komandasına qarşı çox fikirləşmək lazımdır ki, hansı gedişləri edəcək. Çox həvəslə oynayacağıq.

- Çempionluqda hər kəsin payı var. Amma xüsusi olaraq kimi vurğulaya bilərsiz?
- Futbolçulardan kimisi fərqləndirə bilmərəm. Əsl bir kollektivdir və kimisə ayırmaq istəmirəm. 

- Oyunda qırmızı vərəqə alan Patrik Andradedə psixoloji gərginlik varmı?
- Ona yaxınlaşdım. İlk çempionluğudur. Təbrik etdim. Psixoloji gərginlik yox idi. Belə oyunda heç nədən iki sarı vərəqə və qırmızı vərəqə aldı. Belə hallar çox olub. Üzgün idi, narahat idi.