“Həmişə Çempionlar Liqasının oyunları ərəfəsində çox düşünürəm. Sabah da siz yeni taktika görəcəksiniz”.
Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.
İspaniyalı mütəxəssis Çempionlar Liqasının “Atletiko” ilə oyunu ərəfəsində taktika ilə bağlı zarafat edib: “Mənim həddən artıq çox düşünməyim Çempionlar Liqasında yaxşı nəticələr qazanmağımın səbəbidir. Daim eyni cür oynasaydıq, bu, darıxdırıcı olardı. İnsanların “Atletiko” və “Liverpul”a qarşı eyni taktika seçəcəyimi düşünməsi xoş deyil. Oyunçular daim hərəkət edir və biz də fərqli heyətlər seçirik. Bütün futbolçuların anası, atası var, lakin onlar fərqlidir. Xarakterləri də müxtəlifdir. Bu üzdən çox düşünür və axmaq taktika fikirləşirəm. Bu gün ilhamlanıb sabah üçün inanılmaz taktika seçəcəyəm. Biz sabah meydana 12 oyunçu buraxacağıq”.