Rafael Vilela: "Bu qələbə inamımızın mükafatıdır" - MÜSAHİBƏ
31.01.2020 - 09:37
Rafael Vilela: "Bu qələbə inamımızın mükafatıdır" - MÜSAHİBƏ

Azərbaycan millisinin futzalçısı Rafael Vilela federasiyanın saytına müsahibə verib.

Apasport.az xəbər verir ki, milliləşdirilmiş oyunçu DÇ-2020-nin elit-raund mərhələsində Rusiya üzərində 4:3 hesablı qələbəni şərh edib, eyni zamanda qrupdan çıxmaq şanslarından danışıb.

- Oyunla bağlı fikirlərini bilmək maraqlı olardı.
-  Rəqibimiz kifayət qədər güclü komandadır. Amma biz də özümüzə inanırdıq. Çünki yaxşı heyətimiz var. Bu qələbəni biz komanda olaraq qazandıq. Kimin az, kim çox əziyyətinin olmasını heç kim hesablaya bilməz. Əlbəttə, inam olan yerdə yaxşı nəticə də qazanmaq mümkündür. Bugünkü qələbə bizim inamımızın mükafatıdır.

- Qrupda iki oyun keçirmişik və fərqli oyunlar nümayiş olunub. Xorvatiyaya qarşı bu cür mübarizə apara bilməməyi nə ilə əlaqələndirirsiz?
- Dünən başqa heyətə, oyun üslubuna malik komandaya qarşı çıxış etdik. Əlbəttə, fərqli qarşılaşmalardır. Əsas fərq bizim ilk oyunda şanslarımızı düzgün dəyərləndirə bilməməyimizdir. Xorvatiyaya qol vura bilmədik, amma bu gün 4 dəfə rəqib torunu silkələdik.

- Millinin heyətində beynəlxalq turnirdə 3 qol vurmuşduz. Bu gün isə rəsmi oyunlarda qol hesabını açdız. Bu cür göstəricinin sizin üçün önəmi çoxdurmu?
- Qol vurmaq hər zaman sevindirir. Ancaq biz bu yola komanda şəklində çıxmışıq. Ona görə də komandanın uğur qazanması şəxsi göstəricilərin önündə dayanır. Vacib olan komandamın qələbə qazanması və mənim də bu işdə əməyimin olmasıdır. Buna görə sevinirəm.

- Rusiya yığmasını indiyə qədər məğlub edə bilmədiyimizi bilirdiz?
- Xeyr, bunu indi eşidirəm. Statistika keçmiş oyunların göstəricisidir. Həyatda isə ancaq irəli getmək lazımdır. Həm də Rusiya yığması hər dəqiqə məğlub edəcəyin komandalardan deyil. Qələbə qazandığımıza görə çox sevinirəm.

- Slovakiya millisinin oyununu görmüsüz. Son matçda bizi hansı çətinliklər gözləyir?
- Rəqibə hər zaman hörmət etmək, oyuna ciddi köklənmək lazımdır. Güclü rəqibdir. Biz artıq Rusiya ilə oyunu unutmalıyıq, əksinə, Slovakiya ilə qarşılaşmaya konsentrasiya olmalıyıq.

- Final mərhələsinə yollanmaq şansımızı necə dəyərləndirirsiz?
- Böyük şansımız var. Amma indi Slovakiya haqda düşünməliyik. Qələbə qazanmalı, sonra qrupdakı duruma baxmalıyıq.

0
futzal Rafael Vilela