Rahid Əmirquliyev I Divizionda oynayacaq?
05.04.2022 - 13:39
Rahid Əmirquliyev I Divizionda oynayacaq?

“Xəzər Lənkəran”dakı oyunu ilə məşhurlaşan Rahid Əmirquliyev yenidən Lənkəran futboluna xidmət edə bilər.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Xan Lənkəran”ın maraq dairəsindədir.

Gələn mövsümdən I Divizionda çıxış etməsi gözlənilən cənub təmsilçisi heyətini gücləndirmək niyyətindədir. Rəhbərlik lənkəranlı azarkeşlərin sevimli futbolçusu olan Əmirquliyevi kollektivə cəlb etməklə komandaya olan marağın daha da artacağını düşünür.

Azərbaycan millisinin sabiq üzvü çox güman ki, yayda “Səbail”dən ayrılacaq. Artıq əvvəlki vəziyyətində olmayan yarımmüdafiəçi hazırkı komandasında da müntəzəm çıxış edə bilmir. Onun gələn mövsümdən hansısa elita təmsilçisinin gündəminə düşməsi də inandırıcı görünmür. Bu üzdən Rahid ya I Divizionda “Xan Lənkəran”a kömək etməyə razılıq verməli, ya da karyerasını bitirməli olacaq.

Qeyd edək ki, 2006-2016-cı illərdə “Xəzər Lənkəran”ın formasını geyinən Rahid Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir.