Rahid Əmirquliyev: “Əvvəlki kimi oynaya bilmərəm” - MÜSAHİBƏ
07.04.2022 - 00:00
Rahid Əmirquliyev: “Əvvəlki kimi oynaya bilmərəm” - MÜSAHİBƏ

“Səbail”in kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

- Heyətinizdə kifayət qədər təcrübəli oyunçu olsa da, son dövrəyə axırıncı pillədə girirsiz. Bunun səbəbi nədir?
- Düzdür, heyətimizdə həm təcrübəli, həm də gənc futbolçular var. Ancaq ümumilikdə oyunçu çatışmazlığından əziyyət çəkirik, az sayda futbolçu ilə çıxış edirik. Heyətdə itkilər olanda işimiz daha da çətinləşir. İndiyə kimi ardıcıl 2-3 oyuna eyni heyətlə çıxa bilməmişik. Zədələr, vərəqələr buna imkan vermir. Bəzi oyunçulara böyük ümidlər bəsləmişdik, ancaq həm zədə, həm də dəxilsiz qırmızı vərəqə səbəbindən onlardan çox istifadə edə bilmədik. Düşünürəm ki, sonuncu pillədə qərarlaşmağımızın səbəblərindən biri budur. Həmçinin klubda da bir az problem var idi. Bütün bunlar üst-üstə gələndə də böyük problemə çevrilir.

- Komandada maliyyə problemi olduğu məlumdur. Yəqin “klubda problem” dedikdə bunu nəzərdə tutursuz?
- Bir az maliyyə problemi də var idi. Amma başqa amillər də var. Bunun problem olmadığını nə qədər də desək, istər-istəməz komandaya təsir edir. Şükürlər olsun, vəziyyət düzəlib. Qalır turnir cədvəlindəki durumu düzəltmək.

- Son vaxtlar oyunlarda 90 dəqiqə meydanda qalmırsız. Hətta XXI turda “Qarabağ”la (1:5) matçı ehtiyatda keçirdiniz. Bütün bunlar fiziki durumla, yaşla bağlıdır?
- Son 2-3 oyunda bu cür olub. Düzdür, “Qarabağ”la görüşdə meydana girmədim. Baş məşqçi belə qərar qəbul etdi, mən də hörmətlə yanaşıram. Əlbəttə, yaş amili də var. Yaş artdıqca oynamaq çətin olur. Nə qədər istəsən də, fiziki çətinliklər yaşayırsan. Amma özümü normal hiss edirəm. Düşünürəm ki, hələ gücüm var.

- Baş məşqçiniz Aftandil Hacıyev “Qarabağ”la oyundan sonra bildirdi ki, Rahid əvvəlki səviyyəsində deyil və mövsümdən-mövsümə oyununda fərq olacaq. Karyeranızın sonlarının yaxınlaşdığını qəbul edirsiniz?
- Düzü, Aftandil müəllimin həmin fikirlərini oxumamışam. Həqiqəti danmaq olmaz. Əvvəlki kimi oynaya bilmərəm. Futbolçu yaşı artdıqca fiziki gücü zəifləyir. Amma bir daha təkrar edirəm ki, hələ oynaya bilərəm.

- Mövsümün sonunda böyük ehtimalla “Səbail”dən ayrılacaqsız. Karyeranızı bitirmək barədə hələ düşünmürsüz?
- “Səbail”lə müqavilə müddətim başa çatır. Amma qalıb-qalmayacağımla bağlı hələ danışmamışıq. Futboldan getməyi hələ fikirləşmirəm. Özümü o qədər pis hiss eləmirəm ki, karyeramı bitirim. Gücüm var, ən azı bir il də oynaya bilərəm. Ancaq hələ heç bir qərar verməmişəm. Mövsümün sonunu gözləyirəm. Ondan sonra hər şeyə aydınlıq gələcək.

Ruslan Sadıqov