“Sampdoriya”nın sabiq futbolçusu Qaston Ramires yenidən Genuya klubunda çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı uruqvaylı yarımmüdafiəçi İtaliya təmsilçisindən ayrıldıqdan 5 ay sonra geri dönməyə məcbur olub.
Müqaviləsi başa çatdıqdan sonra anlaşmanı uzatmaqla bağlı razılıq əldə edə bilməyən Qaston həmin vaxtdan klubsuz qalıb. Özünə komanda tapa bilməyən futbolçu “Sampdoriya”ya qayıtmağa razılıq verib. A seriyasında təhlükəli zonada qərarlaşan klub da onun xidmətinə ehtiyac duyur.
Qeyd edək ki, Ramires 2017-ci ildə “Midlsbro”dan 6,3 milyon avroya transfer olunub. O, A seriyasında 173 matçda 26 qol vurub.