Rəhman Hacıyev: “Sumqayıt”a məğlub olmadığımıza görə sevinirik” - MÜSAHİBƏ
04.02.2020 - 08:50
Rəhman Hacıyev: “Sumqayıt”a məğlub olmadığımıza görə sevinirik” - MÜSAHİBƏ

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevin apasport.az saytına müsahibəsi:

- Yeni ildə ilk oyununuzu "Sumqayıt"a qarşı keçirdiniz və matçda 1:1 hesabı qeydə alındı. Bunu xal itkisi hesab edirsiz, yoxsa 10 nəfərlə qalıb məğlubiyyətdən xilas olduğunuz üçün yaxşı nəticə kimi qəbul edirsiniz?
- Özünüz bilirsiz ki, çempionluğa oynayan komandayıq. 10 nəfərlə qaldıq deyə, bizim üçün çətin oldu. Üstəlik, məğlub olurduq. Ona görə də oyunun gedişində qalib gəlmək çətin məsələ idi. Buna baxmayaraq, mübarizə aparıb bir xal qazandıq. Ən azından uduzmadıq. Amma təbii ki, belə olacağını da düşünmürdük. Qırmızı vərəqəni də erkən aldıq. "Sumqayıt" yaxşı əks-hücuma çıxırdı. Doğurdan, çətin idi. Məğlub olmadığımıza görə sevinirik. "Sumqayıt"a qarşı oyun artıq başa çatdı. "Qarabağ"la oyuna hazırlaşırıq. 

- Son vaxtlar "Sumqayıt"ı məğlub etməkdə çətinlik çəkirsiniz. Oyunun gedişində onları üstələyə bilirsiniz, lakin nəticə baxımından istədiyiniz olmur. Sizcə, bunun sirri nədədir?
- "Sumqayıt" elə komandadır ki, onlara qarşı həqiqətən çətinlik çəkirik. Düşünürəm ki, bu kollektivə qarşı daha ciddi hazırlaşmaq lazımdır, boş çıxmaq olmaz. "Sumqayıt"a qarşı nəsə çətinlik çəkirik. Səbəbi nədir birlmirəm. Amma son görüşdə qırmızı vərəqə almasaydıq, "Sumqayıt"ı udardıq. Sadəcə qismət belə imiş. 

- Qarşıdakı turda çempionluq uğrunda əsas rəqibiniz olan "Qarabağ"la qarşılaşacaqsınız. Qələbə şansınızı necə dəyərləndirirsiz, oyundan gözləntiləriniz necədir?
- Təbii ki, çətin olacaq. Çünki "Qarabağ" çox yaxşı komandadır. Onların nəyə qadir olduğunu hamı bilir. Bilirsiz, bu futboldur, futbolda zəif və güclü deyə bir şey yoxdur. İstəkdən çox şey asılıdır, istək olandan sonra qələbə də olar, hər şey də. Sadəcə istək lazımdır. Biz də "Qarabağ"a qarşı çox istəkli hazırlaşırıq və qalib gələrik.

- Roberto Bordinin gedişi və Füzuli Məmmədovun gəlişi komandada nələrin dəyişməsinə kömək olub? 
- Dəyişilməyə, yaxşıya doğru gedir. Füzuli Məmmədov az zamandır ki, komandanın baş məşqçisidir. Onun da özünə görə taktikası, oyun fəlsəfəsi var. Tez bir zamanda həmin taktikanı otuzdurmaq da qeyri-mümkündür. Yəni bunlar futbolda zaman alan məsələlərdir. Vaxt lazımdır. Onun da istədiyi futbolu bizə öyrəşdirməsi üçün vaxta ehtiyacı var. "Sumqayıt"la oyuna qədər vaxtı az idi. Düşünürəm ki, bir müddət sonra "Neftçi" daha yaxşı oyun göstərəcək.

- Saman Cahan Nərimanın transferi, yoxsa Füzuli Məmmədovun gəlişi Rəhman Hacıyevə əsas heyətdə oynamağa imkan vermir?
- Bu haqda baş məşqçi ilə danışmamışam. Mən peşəkar futbolçuyam, məşqimi edirəm, işim-gücümlə məşğulam. Şansımı gözləyirəm, baş məşqçi meydana buraxanda da öz sözümü deməyə çalışıram.

- "Neftçi"nin çempionluq şansı varmı, yoxsa "Qarabağ" buna imkan verməyəcək?
- Bunu demək çox tezdir. "Qarabağ" çox yaxşı komandadır. Fasilə hələ yeni başa çatıb, qarşıda hələ çox oyun var. Mübarizə hələ davam edəcək.